Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…
Dünya 142

Hindistanda COVID-19 infeksiyalarında yenidən artım müşahidə olunur. Ölkədə aktiv yoluxma sayı 1 010 nəfərə çatıb. Ən çox yoluxma halları Kerala ştatında qeydə alınıb - son sutkada 335 yeni yoluxma aşkarlanıb. Maharashtrada 153, Dehlidə 99, Qujaratda isə 76 yeni yoluxma halı qeydə alınıb. Punjab ştatı isə bu gün ilk yoluxma faktını açıqlayıb və dərhal təmasda olan şəxslərin izlənilməsinə başlayıb.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bu artım, COVID-19-un NB.1.8.1 və LF.7 adlı iki yeni alt variantının aşkar edildiyi dövrə təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yeni variantları diqqətlə izləyir. İlkin müşahidələr onların yoluxduruculuğunun yüksək ola biləcəyini göstərir. Bununla belə, indiyədək xəstəliyin ağırlığında ciddi artım müşahidə edilməyib.

NB.1.8.1 variantının insan hüceyrələrinə daha güclü bağlanma qabiliyyətinə malik olduğu və bu səbəbdən əvvəlki variantlara nisbətən daha sürətlə yayıla biləcəyi qeyd olunur.

Həkimlər yeni yoluxmaların əksəriyyətində simptomların yüngül keçdiyini bildirir və vətəndaşları panikaya düşməməyə çağırırlar. Ştat rəhbərlikləri isə insanlara gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Hindistan Səhiyyə Nazirliyinin nümayəndələri xəstəxanaların mümkün artıma hazır olduğunu vurğulayıblar.

2025-ci ildə COVID-19-un əsas simptomları boğaz ağrısı, halsızlıq, yüngül öskürək, əzələ ağrıları, qızdırma, baş ağrısı, burun tutulması, ürəkbulanma və yüngül həzm problemləri kimi özünü göstərir.

Bu simptomlar 3–4 gün ərzində keçməzsə, vətəndaşlara sürətli antigen testi və ya PCR testi etdirmək tövsiyə olunur. Yeni variantlara qarşı peyvəndlərin effektivliyi isə qlobal miqyasda araşdırılmaqda davam edir.

COVID-19 pandemiyası 2020-ci ilin martında başlamış və Hindistan iki böyük dalğa ilə üzləşmişdi. Pandemiya dövründə ölkədə 500 mindən çox insan həyatını itirmiş, iqtisadiyyatda ciddi itkilər qeydə alınmışdı. Kerala ştatı pandemiyanın əvvəlində 30-dan çox yoluxma ilə ilk təsirlənən bölgələrdən biri olmuşdu.

Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir və vətəndaşlara ehtiyac olmadan panikaya düşməmək tövsiyə edilir.

Son xəbərlər