Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu

Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
Dünya 41

Yaxın Şərqdə hərbi qarşıdurma daha da şiddətlənib. ABŞ-nin İrana endirdiyi son zərbələrdən sonra həm Hörmüz boğazında, həm də Fars körfəzi ətrafında qarşılıqlı hücumlar barədə məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına görə, Omanın ərazi sularında, Hörmüz boğazının cənub hissəsində üzən "Mombasa" və "Al-Bahiyah" tankerləri İran tərəfindən buraxıldığı iddia edilən qanadlı raketlərin hədəfinə çevrilib.

Bildirilib ki, hücum nəticəsində "Mombasa" tankerinin heyət üzvlərindən biri - Hindistan vətəndaşı həyatını itirib. Daha səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır. Onlardan dördünün vəziyyətinin ağır olduğu qeyd edilir.

Raket zərbələri nəticəsində hər iki tankerdə yanğın baş versə də, alov sonradan söndürülüb. Hadisə nəticəsində gəmilərə ciddi maddi ziyan dəydiyi bildirilir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin öz ərazisini, vətəndaşlarını və milli maraqlarını qorumaq üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxladığını vurğulayıb.

Bu arada İran dövlət televiziyası IRIB ölkə ordusunun ABŞ-nin Küveytdə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar zamanı rabitə sistemləri, yanacaq anbarları, "Patriot" hava hücumundan müdafiə kompleksləri, müşahidə qüllələri və sursat anbarları hədəfə alınıb.

Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus daha iki pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib. Qurumun açıqlamasına əsasən, "Lucas" tipli pilotsuz təyyarələr Bəndər-Abbas və Lar şəhərləri üzərində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bundan əvvəl isə İranın cənubunda yerləşən Bəndər-Abbas, Konarak, Çabahar şəhərləri və Lərak adasında güclü partlayışların baş verdiyi barədə məlumatlar yayılmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər