SİZİN REKLAM BURADA!
055 213 76 73


1 oktyabr tarixində BBC World Radionun “Newsday” proqramında səfir Elin Süleymanovun müsahibəsi baş tutub.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən BAKU.WS-ə verilən məlumata görə, proqramda səfir Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.

Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavab olaraq bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki, mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir. Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirib. O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.

Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması, guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F 16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir bildirib ki, Azərbaycanda F 16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmamış və ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Suriyalı döyüşçülərlə bağlı şaiyələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırıb.

Tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına səfir bildirib ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin bu danışıqlar bir nəticə verməyib. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olub.

Müsahibənin tam versiyası ilə https://www.bbc.co.uk/sounds/play/w172x2wfz7kx1ml internet səhifəsindən tanış olmaq mümkündür.

Həmçinin nüfuzlu Newsweek mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə atəşkəs dayanıqlı olmayacaqdır. Müsahibənin tam versiyası ilə https://www.newsweek.com/exclusive-armenia-azerbaijan-speak-out-want-us-1535699?fbclid=IwAR32p79EM2ik3ZU2q8sCMPbWV1Qj72ADdgC7ryaCXv2R-9GrXAMplf8-Qg4 internet səhifəsindən tanış olmaq mümkündür.

Bundan əlavə ABŞ-da geniş izləyici kütləsinə malik Con Batçelor Şou proqramına müsahibəsində Elin Süleymanov Ermənistan tərəfindən hərbi təxribatların davam etməsinə, müki şəxslərin məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində ölən və yaralananların olmasına diqqət çəkib. O, bütün əməliyyatların Azərbaycanən beynəlxalq tanınmış sərhədləri daxilində baş verdiyini vurğulamış və Azərbaycan Prezidentinin “Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur” sitatını xatırladıb. Bundan əlavə səfir dünya mətbuatında münaqişə barəsində yayılan saxta məlumatlara toxunaraq, bu cür halların yolverilməzliyindən bəhs edib. Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7695340-imminent-threat-of-a-wider-war-in-the-south-caucasus-as-the-nagorno-karabakh-combat-escalates-to internet səhifəsindən tanış olmaq mümkündür.

BAKU.WS