İsrail hökuməti koronavirus infeksiyası səbəbindən ölkədən uçuşlara məhdudiyyət tətbiq edib.

BAKU.WS xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat naziri Miri Reqev bəyanat yayıb.

“Məhdudiyyətlər qüvvəyə minənədək – yəni sentyabrın 25-i yerli vaxtla saat 14:00-a qədər bilet alan şəxslər ölkəni tərk edə biləcək. Lakin daha sonra alınan biletlərdən istifadə etmək mümkün olmayacaq”, - deyə nazirin bəyanatında bildirilir. Miri Reqevin sözlərinə görə, buna baxmayaraq, İsrail vətəndaşları ölkəyə maneəsiz qayıda bilər.

Qeyd edək ki, İsrail hökuməti sentyabrın 24-də ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib. Yeni məhdudiyyət tədbirlərinin ən azı iki həftə qüvvədə qalacağı bildirilir. Qərara əsasən, sərt karantin dövründə sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanacaq, ictimai nəqliyyatda marşrutların sayı azaldılacaq. Həmçinin əhaliyə evlərindən yalnız bir kilometr uzaqlaşmağa icazə veriləcək.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 218 min nəfərə yaxınlaşıb, ölənlərin sayı isə 1400-ü ötüb.

BAKU.WS