SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə Kolumbiyada 13,5 milyon nəfərin sağlam qidalanmaq imkanı yoxdur, daha 4,2 milyon nəfər doyunca yemir, yəni adekvat qida almır. Ölkənin iri şəhərlərinin əhalisinin dörddəbir hissəsinin gündə üç dəfə qidalana bilmir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Kolumbiya Milli Səhiyyə İnstitutunun hesabatına görə, bu ilin əvvəlindən avqust ayına qədər yaşı 5-dən aşağı olan azı 166 uşaq acından ölüb. Bu, orta hesabla həftədə beş uşağın acından ölməsi deməkdir.

Kolumbiya hökuməti aclıq böhranının yumşaldılması və ya sıfır aclıq səviyyəsinə nail olmaq planı hazırlayıb. Həmin plana görə, ifrat yoxsulluq şəraitində yaşayan 1.300.000 ailənin müvəqqəti ərzaq talonları ilə təmin edilməsindən ibarət qısamüddətli aksiya nəzərdə tutulur.

Ölkənin ərzaq suverenliyinin bərpa edilməsi, konkret olaraq yerli qıda məhsulları istehsalının təşviqi, torpaqdan, kreditlərdən, texniki yardımdan istifadə imkanının yaxşılaşdırılması, habelə irriqasiya rayonlarının və yolların abadlaşdırılması məsələləri gündəlikdədir.

Kolumbiya kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Sesiliya Lopesin sözlərinə görə, kənd təsərrüfatı sektorunda resurslara xərclərin azaldılması üçün Dünya Bankından 550 milyon dollar məbləğində təcili kredit verilməsi barədə danışıqlar aparılır, çünki Kolumbiyada istifadə edilən gübrələrin 40 faizdən çoxu hazırda münaqişə vəziyyətində olan Rusiyadan və Ukraynadan idxal edilir.

Aclığa qarşı mübarizə tədbirləri təsir göstərməyə başladığı bir vaxtda inflyasiya artmaqda davam edir. Avqust ayının yekunlarına görə, Kolumbiyada əmtəə və xidmətlərin qiymətləri illik hesabla 10,84 faiz artıb. Bu, XXI yüzillikdə ən yüksək göstəricidir.

Cənubi Amerikanın bu ölkəsində keçənilki ilə müqayisədə ən çox (25,57 faiz) bahalaşan ərzaq malları və alkoqolsuz içkilər olub.

Bundan əlavə, mehmanxana və restoran xidmətlərinin, habelə elektrik enerjisinin və yanacağın qiymətləri də nəzərəçarpacaq dərəcədə artıb. Analitiklərin fikrincə, bu tendensiya ilin sonuna qədər yəqin ki, dəyişməyəcək.

BAKU.WS