Silk Way West Airlines donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü Boeing 777F yük təyyarəsini təhvil alıb
Silk Way West Airlines donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü Boeing 777F yük təyyarəsini təhvil alıb.
Təyyarə Sietldən Bakı şəhərinə birbaşa reyslə gətirilib. Bu addım aviaşirkətin uzunməsafəli yük donanmasının ardıcıl şəkildə modernləşdirilməsi istiqamətində atdığı növbəti mərhələni əks etdirir.
Yeni təhvil alınan təyyarə Silk Way West Airlines tərəfindən sifariş edilmiş altı Boeing 777F yük təyyarəsindən dördüncüsüdür və şirkətin strateji donanma inkişaf planlarının ardıcıl icrasını təsdiqləyir. Donanmanın yenilənməsi strategiyası çərçivəsində aviaşirkət iki Boeing 747-400F yük təyyarəsini istismardan çıxararaq əməliyyat səmərəliliyini və performans göstəricilərini daha da optimallaşdırıb. Qalan iki Boeing 777F yük təyyarəsinin təhvili 2027-ci ildə gözlənilir ki, bu da donanmanın yenilənməsi proqramının birinci mərhələsinin tamamlanmasını təmin edəcək.
Təyyarənin təhvili ilə bağlı Silk Way West Airlines-ın Prezidenti Volfqanq Mayer bildirib: "Dördüncü Boeing 777F yük təyyarəsinin donanmamıza qoşulması yenilənmə strategiyamız çərçivəsində atılan ardıcıl addımların davamıdır. Yeni nəsil yük təyyarələrinin istismara verilməsi əməliyyat imkanlarımızı genişləndirir, dayanıqlılıq hədəflərimizi dəstəkləyir və donanmanın modernləşdirilməsinin növbəti mərhələsi üçün etibarlı əsas formalaşdırır."
Boeing 777F hazırda istismarda olan ən müasir yük təyyarələrindən biri hesab olunur. Uzun uçuş məsafəsi, yüksək yükgötürmə qabiliyyəti və təkmilləşdirilmiş yanacaq səmərəliliyi ilə seçilən bu tip təyyarələr Silk Way West Airlines-ın əməliyyat mükəmməlliyi, etibarlılıq və gələcəyə yönəlmiş inkişaf strategiyasına uyğun şəkildə donanmaya inteqrasiya olunur.
Son təyyarənin istismara qəbul edilməsi ilə Silk Way West Airlines-ın aviaparkı 12 hava gəmisinə çatıb və donanmanın mövcud tərkibi aviaşirkətin uzunmüddətli yenilənmə strategiyasını əks etdirir. 2028-ci ildən etibarən aviaşirkət donanmanın modernləşdirilməsi proqramının ikinci mərhələsinə start verəcək. Bu mərhələ çərçivəsində dörd Airbus A350F və dörd Boeing 777-8F yük təyyarəsinin təhvili nəzərdə tutulur. Keçmiş nəsil hava gəmilərinin əvəzlənməsi ilə yanaşı, bu mərhələ daşınma qabiliyyətinin artımını təmin edəcək və Silk Way West Airlines şirkətinə əməliyyat fəaliyyətini genişləndirməyə imkan verəcək. İkinci mərhələnin 2030-cu ilədək tamamlanması planlaşdırılır və həmin vaxta qədər aviaşirkətin ümumi donanması 20 genişgövdəli hava gəmisinə çatacaq.
Silk Way West Airlines haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.
Oxşar xəbərlər
İcra başçısı Misir Mərdanovun qohumuna yüksək vəzifə verdi
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edib. BAKU.WS İqtisadiyyat.az-a...