Məleykə Abbaszadə Kamran Əsədovla bağlı danışdı: "Belələrinə yaxşı dərs olacaq"

Məleykə Abbaszadə Kamran Əsədovla bağlı danışdı: Belələrinə yaxşı dərs olacaq
Digər 52

"Hazırda imtahanlara texniki vasitələrin keçirilməsi ilə bağlı iki proses gedir və bu proseslərdə ən pis hal odur ki, onların arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan müəllimlər də var. Belə riyakar insanlar təhsil sistemindən uzaqlaşmalıdırlar".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Kamran Əsədovla bağlı məsələ belə insanlara yaxşı dərs olacaq:

"Valideynlər isə başa düşəcəklər ki, başqa yollarla uşağın nəticəsini dəyişdirə bilməyəcəklər".

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nanoqulaqlıq, "Mi-Fi" cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Son xəbərlər