SİZİN REKLAM BURADA!
055 213 76 73


"Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib.

Bu baxımdan, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərinin minimumlaşdırılması üçün əlavə tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı”.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Facebook” profilində yazıb.

1. Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur, 2 bank istisna olmaqla digər banklar özəl qurumlardır.

Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər.

Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər.

Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var və borcunu ödəməkdə çətinlik çəkir.

Bu baxımdan kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılması məqsədə uyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər;

2. Koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb. Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı.

ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı;

3. Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var.

Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var.

Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur.

Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtiyac var.

BAKU.WS