SİZİN REKLAM BURADA!
055 213 76 73


“Heç zaman böyük doğum günləri keçirməyi xatırlamıram. Düzü, heç vaxt sevməmişəm”.

BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, bu fikirləri sabiq baş nazir, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Novruz Məmmədov 73 yaşının tamam olmasından danışarkən deyib.

N.Məmmədov koronavirus təhlükəsindən danışarkən bildirib ki, indiki halda insanların toplaşması məqsədəuyğun deyil:

“Bu gün koronavirus dünyanı cənginə alıb. Bütün ölkələrdə insanların sıx toplaşması məsləhət görülmür. Bizim evdə həmişə bir Novruz bayramı qeyd olunub. İkincisinə gərək yoxdur. Yəni indiki halda insanları başına toplayıb doğum günü keçirmək belə doğru deyil. Hər halda təbrik edənlərə təşəkkür edirəm”.

Novruz Məmmədov ali məktəblərin koronavirusa görə bağlandığını desə də, rəhbər işçilərin işə gedib-gəldiklərini də söyləyib:

“Təbii ki, belə şəraitdə orta və ali məktəblərin bağlanması doğru haldır. Ancaq rektor, prorektor, dekanlar hər gün işdə olur. Tədris prosesinin geri qalmaması üçün çalışırlar”.

Xatırladaq ki, Novruz Məmmədov 1947-ci ilin 15 martında Babək rayonunda anadan olub. O, 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.

Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

73 yaşlı sabiq Baş Nazir evlidir. Üç övladı və nəvələri var.

BAKU.WS