SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir sıra Kütləvi İnformasiya Vasitələrində 1 saylı Şəhər Kliniki Xəstəxanasından (Semaşko) koronavirus xəstəsinin qaçması barədə məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, yazılanlara görə, həmin xəstə “Semaşko”nun pəncərəsindən qaçıb.

Məsələyə aydınlıq gətirmək üçün 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Ədalət Dadaşov BAKU.WS-ə açıqlamasında məlumatın əsassız olduğunu bildirdi.

“Ümumiyyətlə bizim xəstəxanada koronaviruslu xəstə olmayıb. Heç vaxt belə xəstə olmayıb. Heç bizim xəstəxanaya virusun yayıldığı ocaqlardan gələnlər belə daxil olmayıb.

Sadəcə xəstəxanaya bəzi şəxslər müraciət edirlər ki, yoxlanılsınlar. Əvvəllər onların test cavabları bir dəfə mənfi çıxırdısa, indi iki dəfə mənfi çıxandan sonra həmin şəxslərə nəticələr verilir.

Həmin şəxslərdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqadası onu yenidən mərkəzə qaytarıb və başa salıblar ki, icazəsiz xəstəxananı tərk etmək olmaz. Heç bir şəxs xəstəxanadan qaçmayıb”, - deyə baş həkim bildirib.

Ədalət Dadaşov onu da vurğulayıb ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasında koronavirusun yoxlanılması üçün yüsək səviyyədə şərait yaradılıb:
“Xəstəxanamızda xüsusi müasir laboratoriya qurulub. Bundan sonra da xəstəxanamızda koronavirus da daxil olmaqla istənilən virusu yoxlamağa yüksək səviyyədə şəraitimiz var”.

Ziya SƏCCAD
BAKU.WS