SİZİN REKLAM BURADA!
055 213 76 73


Lerik Rayon Mərkəzi Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılmışdır.

Lerik rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS