SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə avqustun 21-də Amerika Diyanət Mərkəzində Azərbaycan və Türkiyənin ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, mərasimdə iki qardaş ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi anılıb.

Sonra Azərbaycan və Türkiyə mətbuatının yerli nümayəndələrinə müsahibə verən səfir Elin Süleymanov sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Türkiyə səfirliyinə və Diyanət Mərkəzinə dərin minnətdarlığını bildirib. O, şəhidlərimizin xatirəsinin türkiyəli qardaşlarımızla birgə anılmasının Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin, “bir millət, iki dövlət” ruhuna bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Türkiyə səfiri Serdar Kılıç da çıxışında bu tədbirin bir millətə yaraşan tərzdə təşkil olunduğunu, şəhidlərə Allahdan rəhmət dilədiyini, tədbirə qatılanlara təşəkkürünü bildirib. Ölkələrimizin müstəqilliyinin və qardaşlığının daim güclənməsini və əbədi olmasını arzuladığını vurğulayıb.

Tədbirin sonunda Mərkəz tərəfindən hazırlanmış ehsan verilib.

Mərasimə iki qardaş ölkənin səfirliklərinin əməkdaşları, çoxsaylı Azərbaycan və türk icmasının nümayəndələri qatılıb.

Türkiyənin Diyanət İşləri Bakanlığı və Diyanət Vəqfinin əməkdaşlığı ilə tikilmiş sözügedən müəssisə Vaşinqton şəhəri, Virciniya və Mərilənd ştatlarında yerli müsəlman icmalarını birləşdirən mərkəz olmaqla yanaşı, bir sıra ictimai və sosial layihələrin həyata keçirilməsində və ABŞ-da müsəlman icması arasında ictimai rəyin formalaşmasında müəyyən əhəmiyyətə malikdir. Mərkəz 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. Burada məscid, elmi-tədqiqat mərkəzi və bir sıra sosial tədbirlərin keçirilməsi üçün müəssisələr fəaliyyət göstərir.

BAKU.WS
QALEREYA