SİZİN REKLAM BURADA!
055 213 76 73


Region Liqasında yeni mövsümə komandaların qeydiyyat prosesi davam edir.

BAKU.WS xəbər verir ki, hazırda “Uğur”(Sumqayıt), “Araz” (Saatlı) və “Şirvanovka” (Qusar) komandaları yeni mövsüm üçün qeydiyyatdan keçiblər.

Qeydiyyat prosesinin 15 sentyabrda bitəcəyi açıqlanır. Məlumata görə, Naxçıvan zonasından 9, Bakı zonasından isə 26-27 komandanın iştirakı gözlənilir. Lakin, dəqiq say qeydiyyatda başa çatdıqdan sonra bilinəcək.

Region Liqasında yeni mövsümün sentyabrın sonu, oktyabrın əvvəlində başlayacağı bildirilir.

Maraqlı bir məqam isə ötən mövsümün sonlarına yaxın rüşvət qalmaqalına görə liqadan qovulan “FC Baku” və “Füzuli” komandalarının yeni mövsümə buraxılıb-buraxılmayacağı ilə bağlıdır. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev sport24.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı yekun qərar hələ də qəbul olunmayıb:

““Füzuli” ilə bağlı İntizam Komitəsinin araşdırmasının nəticəsini gözləyirik. Yəqin ki, yaxın vaxtlarda onunla da bağlı bir qərar veriləcək. “Füzuli” Region Liqasında oynamaqla bağlı bizə rəsmi müraciət edib. Ancaq ötən mövsüm baş vermiş hadisəylə əlaqədar araşdırma komissiyasının rəyini gözləyirik. “FC Baku”dan isə yeni mövsümdə iştirakla bağlı bizə hər hansı müraciət gəlməyib”.


Məlumat üçün bildirək ki, “FC Baku”nun aparıcı futbolçuları komandanı tərk edərək başqa klublarla müqavilə imzalayıblar. Klubun sosial şəbəkə hesabları da fəaliyyətini dayandırıb.

Qeyd edək ki, 6 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Region Liqasının II play off mərhələsinin cavab oyunu olan “Füzuli” - “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Region Liqasının İşçi Qrupu AFFA-nın İntizam Komitəsinin həmin oyunla bağlı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, 1/2 final qarşılaşmasının “FC Baku” - “Şahdağ” oyununu ləğv edib və “Şahdağ” komandasının birbaşa final oyununa yüksəlməsi barədə qərar qəbul edib. Eyni zamanda, digər yarımfinal oyununda “Uğur” komandasına məğlub olmuş “Araz - Naxçıvan” komandasının birbaşa olaraq Region Liqasında 3-cü yeri tutması haqqında qərar qəbul olunub.

Mövsümün sonunda “Uğur” komandası liqanın qalibi olub.
BAKU.WS