SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Ermənistanın silahlı birləşmələri Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə raket zərbələri endirib.

BAKU.WS xəbər verir ki, atılan raketlər nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb.

Həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli-miqdarda ziyan dəyib. Məlum olub ki, Bərdəyə atılan raketlər "Smerç" qurğusundan atılıb. Bəs, Ermənistanı "Smerç" qurğusu ilə kim təmin edir və bu silahların xarakteristikası nədir?

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistanın silahlanmasında mövcud olan bütün silah sistemlərinin 10-15 faizi kənar ölkələrdən, yerdə qalanlar isə Rusiyadan təmin olunur: "Bu silahlar yardımla, kreditlə və s. yollarla verilib.

Əfsuslar olsun ki, raketlər qurtarmaq bilmir. Biz nə qədər məhv etsək də, bu atışlar davam edir. "Smerç" reaktiv yaylım atəş sistemidir. Biz bunu İkinci Dünya müharibəsində "Katyuşa" kimi tanıyırdıq. Ardıcıl olaraq dayanmadan qısa müddət fasilələrlə bir-birinin ardınca atəş açırdı. Bundan sonra onların "Qrad" deyə qurğuları daha da modernləşdirildi. "Qrad"dan sonra isə "Smerç"lər ortaya çıxdı.

Fərq ondadır ki, "Qrad" 40 ədəd raketlə 122 mm-lik çapa malikdir və dağıdıcı qüvvəsi daha azdır. "Smerç" isə bunların ən sonuncu və daha böyük dağıdıcı gücə malik olan raketləridir. Silahların hamısı Rusiyada yerləşən "Splav" adlı dövlət müəssisəsi tərəfindən istehsal olunur. Bura həm atıcı qurğular, həm də raketlər aiddir.

Bir "Smerç" qurğusu eyni zamanda 38 saniyə ərzində 12 ədəd raket ata bilir. Bərdənin atəşə tutulması zamanı təxminən belə bir müddət ərzində partlayışlar davamlı olaraq baş verdi. Bu raketlərin başlıqları dəyişə bilir. Başlığına görə, raketin kütləsi 800-815 kq arasında dəyişir. Bərdəyə endirilən raketlər qəlpəli fuqaslardır. Onların əsas təyinatı açıqda və sığınacaqda olan canlı qüvvəni, zirehli və yüngün zirehli texnikaları vurmaq, dayanacaqda olan helikopterləri sıradan çıxarmaq və s. üçün nəzərdə tutulur. Bu raketin uzunluğu 7,6 metrdir".

Orxan Hüseyn
BAKU.WS