SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonu şəhid Elşən Mehdiyev küçəsi, dalan 5-in sakinləri elə öz çirkab sularının üfunətində yaşamağa məcburdurlar. Səbəb də sadədir - küçədə kanalizasiya sisteminin olmaması.

ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Sakin: “Kanalizasiyanın iyindən evdə otura bilmirik. Ağcaqanad, milçək doludur”.

Sakinlər deyirlər ki, əslində bir aya yaxındır, sözügedən əraziyə kanalizasiya xətti çəkilib. Qoşulma prosesində lazım olacaq avadanlıqları, borunu da sakinlərə “alın hazır edin, növbə sizə çatanda sizin də xəttinizi qoşacağıq” deyiblər. Amma nədənsə həmin 15-20 ailəni xəttə qoşmaq vaxtı çatanda quyunun ağzı bağlanıb, iş yekunlaşıb.

Sakin: “Bütün məhlələri birləşdiriblər. Yerdə qoyulub ki, qoşulacaq”.

Sakin: “Qonşu evlərin hamısını qoşdular. Bizə çatanda yerini qoydular ki, siz də borunuzu alın tədbir görün, biz həmin yerə çatanda sizin kanalizasiya xətlərinizi birləşdirəcəyik. Biz də borumuzu almışıq. Sonra da dedilər ki, layihədə icazəmiz yoxdur”.

Küçənin kanalizasiya işləri yolunu da pis vəziyyətə qoyub. Camaat deyir “əvvəllər bu yol asfalt olmasa da heç olmasa rahat gedib gələ bilirdik”. İndi isə küçədə nə uşaq oynaya bilir, nə avtomobil keçə.

Sakin: “Taksi sürücüləri bu yola girmir. Cüzi yağış yağanda ümumiyyətlə bərbad olur. Hansı ki, bu kanalizasiya çəkildikdən sonra yola torpaq töküldü. Lap eybəcər vəziyyət aldı. Gəlib daş qırıntılarını tökdülər ki, sakinlər istifadə eləsinlər”.

Sürücü: “Maşının təkərlərinə ziyandı, özümüzə də ziyandır. Benzin çox gedir”.

Sürücü: “Qazancımız ancaq təmirə gedir. Yağışlı günlərdə ümumiyyətlə işləmək olmur. Əvvəl bundan yaxşı idi. Gəlib qazdılar, pis günə qoydular”.

Kanalizasiya problemi və onun gətirdiyi digər çətinliklərlə bağlı “AzərSu” Açıq Səhmdar Cəmiyyətindən eşitdiklərimizdən sonra məlum olur ki, əslində yerindəki iş icraçıları sakinləri düzgün məlumatlandırmayıb. Ərazidə yaşayış evləri üçün kanalizasiya yox, böyükşor gölünün təmizlənməsi üçün kollektor çəkilirmiş.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi: “Orada bizim texniki imkanlarımız araşdırılır. Texniki imkanlar olsa, həmin sakinlərin yaxınlıqdan keçən kollektora qoşulması məsələsi müsbət həllini tapacaq. Və bu məsələ qısa müddətdə araşdırılıb yekunlaşdırılacaq”.

Bəli, konkret bir vaxt deyilməsə də əsas odur, məsələnin müsbətə doğru həlli üçün çalışılır. Yolun vəziyyətinə gəldikdə isə, bu problemin həlli üçün əvvəlcə kanalizasiya məsələsinə əncam çəkilməlidi. Bir sözlə, şəhidin adını daşıyan küçənin sakinlərini ağ günə çıxara biləcək yeganə yol kanalizasiya probleminin həllindən keçir.

BAKU.WS
VİDEO