SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günün gündəmini 1990-cı illərdə deputat və Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini olmuş, hazırda siyasi ekspert olaraq fəaliyyət göstərən Cümşüd Nuriyevin AzTV-nin efirində gedən “Əsas məsələ” adlı verilişdə səsləndirdiyi fikirlər zəbt edib.

BAKU.WS xəbər verir ki, o, Xalq Cəbhəsinin dövründəki xaosdan danışıb və buna bir nümunə gətirib:

“Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

Nuriyevin bu sözləri birmənalı qarşılanmayıb və ona sərt reaksiyalar verilib.

Milli Məclisin deputatı Fazil Mustafa, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu Cümşüd Nuriyevə sərt cavablar veriblər. Onu alçaq, psixoloji problemli insan kimi adlandırıblar.

C.Nuriyev isə azvision.az-a açıqlamasında bildirib ki, Qarabağ müharibəsində döyüşən qadınları nəzərdə tutmayıb:

“Mən Qarabağ müharibəsində vuruşan qadınların, qadın batalyonunun qeyrətli, namuslu üzvləri qarşısında baş əyirəm. Mən hələ ağlımı itirməmişəm ki, müharibədə kişilərlə çiyin-çiyinə döyüşən qadınlar haqqında pis söz danışam. Mən televiziyada çıxışım zamanı Xanım Xəlilovanın başçılıq etdiyi qadınlardan ibarət dəstəni nəzərdə tutmuşam.

Xanım Xəlilovanın başçılıq etdiyi dəstəyə batalyon demək olmazdı. Bu, sadəcə bir neçə əxlaqsız qadının bir yerə toplanması idi. Xanımı mən çox yaxşı tanıyıram. Onun anası ermənidir. Yanına bir neçə anası ermənini yığmışdı. Onlar 1992-ci ildə parlamentə hücum edib, bizi kişi söyüşləri ilə təhqir edirdilər. Mən onları nəzərdə tutub demişəm. Həmin qadınlardan bəziləri mənim işçim olub. Dəstədə bir qadın var idi, 4 uşağını ayrı-ayrı kişilərdən dünyaya gətirmişdi. Çıxışım zamanı belə qadınlardan söhbət açmışam. Müharibə veteranı olaraq mən hələ ağlımı itirməmişəm ki, qadın batalyonunun əxlaqsız olduğunu deyim. Ən yaxın dostlarımdan olan Gülara Musayeva ilə Qarabağ komitəsində birgə vuruşmuşuq. Müharibədə döyüşən kişi qeyrətlə vuruşan qadın haqqında pis nəsə deyə bilər? Bu, mümkün deyil”.

C.Nuriyev çıxışınının yanlış anlaşıldığını qeyd edib:

“Bunu yayan cəbhənin trollarıdır. Ömrü boyu döyüşən, özünə hörmət edən Azərbaycan qadını haqqında hansısa pis söz işlətmərəm. Xanım Xəlilovanın və ətrafındakı qadınıların Qarabağda vuruşan qadın batalyonuna dəxli yox idi. Çıxışımı mətndən çıxarıb üstümə hücuma keçiblər. Bu, şantajdır. Mən vuruşan qadınların qarşısında baş əyirəm”.

C.Nuriyevin verilişdə aparıcının hansı sual qarşısında verdiyi cavab və qalmaqala səbəb olan hissənin tam versiyasını təqdim edirik:

BAKU.WS
VİDEO