Problemli kreditlərə tətbiq edilən güzəştlərin hesablanması zamanı şəffaflığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, devalvasiya tarixlərində əsas kredit borcları 10 min ABŞ dollarından az olan vətəndaşlar saytda olan problemli kreditlərin həllinə dair məlumat bölməsindən kalkulyatora daxil olaraq, müvafiq hissələrə lazımi məlumatları daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilərlər.

Əgər vətəndaş birinci devalvasiya baş verdikdən sonra kredit borcunu ikinci devalvasiyaya qədər ödəyib bitiribsə, onun kalkulyator bölməsində olan ikinci xananı doldurmasına ehtiyac yoxdur. O, 21 fevral 2015-ci ilə qədər olan əsas kredit borc məbləğini birinci xanaya doldurmaqla əldə edəcəyi güzəşt məbləğini öyrənə bilər. Krediti birinci devalvasiya ilə ikinci devalvasiya arasında götürən və ikinci devalvasiyadan zərər görən vətəndaşlar isə güzəşt məbləğini öyrənmək üçün ikinci xananı doldurmalıdır. İki devalvasiyadan da zərər görən vətəndaşlar isə tarixlərə müvafiq olaraq hər iki xanaya qalıq borc məbləğlərini qeyd etməlidirlər.

Kalkulyatorda hesablama zamanı vətəndaşlarda yaranan sualların cavablandırılması mexanizmi də sadələşdirilib. Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar Palatanın sosial şəbəkə səhifələrinə müraciət edə, həmçinin saytın "Əlaqə" alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Mərkəzi Bankın həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ