SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngəzur mahalının Gorus rayonunun Şurnux kəndinin etnoqrafiyası haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə kəndin tarixi, abidələri, atət-ənənələri, mətbəxi, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, kənd Şurnuxu çayının sol sahilində, Gorus rayon mərkəzindən 17 km cənub-şərqdə, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasında işlənən "çırnox" sözünün fonetik forması olan "şumux", "şırnıx" sözü əsasında əmələ gəlib. 1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayıb. 1947-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Kür-Araz vadisinə yerləşdirilib. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıdıblar. 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayıb.

Vurğulanıb ki, Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi: “1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə, yəni 1989-cu ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Şurnux kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki pirin -ibadətgahın olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır”.

Qeyd olunub ki, 1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnux camaatının da bir hissəsi köçüb Azərbaycana gəlib. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər olub. 1988-ci il noyabrın sonlarında rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnux kəndinin camaatı zorla deportasiya olunub.

O da diqqətə çatdırılıb ki, Şurnux kəndinin qərb hissəsi indi Qubadlı rayonunun ərazisidir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində kəndin qərb hissəsi, 12 evdən ibarət ərazi Qubadlı rayonuna qaytarılıb. Həmin ərazi Birinci Qarabağ Savaşı dövründə işğal olunmuşdu.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 7-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

BAKU.WS
VİDEO