SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qərbi Azərbaycan xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında Baku TV-də “Daşkəndin daşdan ilməyə köçən yaddaşı: xalçaların sirləri” adlı veriliş efirə gedib.

Verilişdə Göyçə mahalında fərqli təbiəti ilə seçilən, qayalıqların arasında yerləşən Daşkənd kəndindən söz açılır:

“Daşkənd qədimdən oğuz-türk yurdu hesab olunur. Elə oradakı məhəllə, yer-yurd adları da bizə məxsus olduğunu, orada Azərbaycan türklərinin məskunlaşdıqlarını göstərir. Daşkəndin unikal təbiəti, unikal insanları və çox qəribə, fərqli məhəllə, yer-yurd adları bir daha onu göstərir ki, qədimdən Azərbaycan türkləri burada məskunlaşıblar. 1918-ci il hadisələri bu kənddən yan keçməyib. Daşkəndin əsas faciələrindən biri elə 1948-53-cü il köçürülməsi zamanı başlayıb. Daşkəndlilər 1953-cü ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovularaq, Bərdənin indiki “Daşkənd” adlandırılan kəndinə gəliblər. Həmin vaxt o kənd yox idi, cəmi yeddi çinardan ibarət boşluq sahə idi. Bu yeddi çinarın altında daşkəndlilər öz kəndlərini yaratmalı idilər. Fərqli təbiət, fərqli hava şəraiti bu insanların səhhətinə, həyat tərzinə də təsir elədi”.

Verilişdə bildirilir ki, Daşkənd kəndinin xalçaları özünün unikallığı ilə seçilir:

“Daşkənd kəndinin məhəllə adlarına baxanda biz orada Qarabağla, Qazaxla, Gəncə ilə bağlı adları görürük. Bütün bunlar onların xalçalarına da təsir edib. Bu gün Daşkənd xalçalarından danışanda cəsarətlə demək olar ki, bu xalçalarda Azərbaycanın müxtəlif bölgələrinin elementləri fəal iştirak edir. Misal üçün, Qazax və ya Qarabağ xalçaları fəal şəkildə özünü Daşkənd xalçalarının bədii həllində göstərir.

Ümumiyyətlə, Göyçə xalçaçılıq məktəbi özünün üstün cəhətləri ilə seçilir. Burada qədim türk inanclarının əyani şəkildə ifadəsi cəsarətlə verilir. Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalardakı elementlərdən burada da fəal istifadə olunub. İstər keçidlər, istər həndəsi quruluş, istər rəng kompozisiya həlli bizim inanclarımızın ifadəsidir. Bu xalçalarda bizim əsl keçmişimiz yatır. Türklüyümüz, mahiyyətimiz, bizim sülhməramlı, qurucu olmağımız bu mənzərədə açıq görünür. Buradakı elementlərdə təbiət hadisələrinə bağlılığımız, təbiət hadisələrinin mifoloji, mistik, real təqdimatı öz əksini tapıb. Bu xalçalarda rənglərin simfoniyasını, təbiətin stilizə olunmuş formada təqdimatını görürük. Mifoloji elementlərin real həyatla uyğunluğu və inanclarımız - səma, ağac, daş, torpaq, odla bağlı etiqadlar bütövlükdə bu xalçalarda öz əksini tapır. Xalça həm də böyük mistikanın, böyük bir mifoloji dünyanın daşıyıcısıdır”.

Sonda diqqətə çatdırılır ki, bu gün o deportasiyanın, yeni Daşkəndin salınmasının 70 ili tamam olur:

“Bu illər ərzində, əlbəttə, insanlar bu təbiətə dözmədilər, dünyasını dəyişənlər çox oldu. Amma bu Daşkənddə Göyçənin Daşkəndinin adət-ənənələri yaşayır. Əlbəttə, Azərbaycanın, hətta dünyanın müxtəlif bölgələrinə səpələnən daşkəndlilərin hər birinin içində Vətənə, Göyçədəki Daşkəndə qayıtmaq eşqi var. Bu eşq, bu ruh həm də milli kimlik, yurda bağlılıq, Vətənə bağlılıq məsələsidir. Göyçə həsrəti, Basarkeçər həsrəti hər bir daşkəndlinin ürəyində var. Yeni Daşkəndin əsasının qoyulmasının 70 illiyi ilə bağlı tədbirdə də biz bunun şahidi olduq. Bütün bu istəklər, arzular yeni toxunan xalçalarda da öz əksini tapır. Bu ənənə davam edir, nənələr öz nəvələrinə, tələbələrinə ötürürlər bu məlumatları. Bu məlumatların hər birində məhz Göyçə xalça məktəbinin və ayrılıqda götürsək, elə Daşkənd xalçalarının içində olan bizim inanclarımız, ümidlərimiz və arzularımız əks olunur. Bundan sonra toxunan xalçaların hər birində həm də bir qayıdış istəyi olacaq və bu qayıdış istəyi xalçaçılıqda bir naxış yaradacaq”.

Xatırladaq ki, “Qərbi Azərbaycan xronikası” layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələrinin - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların - üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi, “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin verilişini təqdim edirik:

BAKU.WS
VİDEO