"Sabah"ın 6 dəfə İsrail çempionu olan rəqibi - 77 yaşlı "Hapoel" zəngin tarixə malikdir - TANITMA

Sabahın 6 dəfə İsrail çempionu olan rəqibi - 77 yaşlı Hapoel zəngin tarixə malikdir - TANITMA
İdman 7

"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İsrailin "Hapoel" (Beer-Şeva) klubu 1949-cu ildə yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, komanda İsrail futbolunun köklü və son illərdə ən iddialı klublarından biridir.

Klub ölkənin cənubundakı Beer-Şeva şəhərini təmsil edir.

"Qırmızı-ağlar" uzun müddət İsrail futbolunun əsas liqasında mübarizə aparsa da, ilk böyük uğura 1970-ci illərdə nail olub.

Komandanın ilk İsrail çempionluğu 1974/1975 mövsümünə təsadüf edib. 1975/1976 mövsümündə də çempion olan Beer-Şeva təmsilçisi uzun müddət ölkə futbolunun aparıcı komandalarından biri olub.

Klubun müasir tarixində isə dönüş nöqtəsi hazırkı prezident Alona Barkatın rəhbərliyə gəlməsi ilə bağlıdır. O, 2007-ci ildə "Hapoel"in sahibi olub və rəhbərliyi altında komanda İsrail futbolunun zirvəsinə qayıdıb.

6 qat ölkə çempionunun ən parlaq dövrü 2015-2018-ci illərə təsadüf edir. Komanda baş məşqçi Barak Baxarın rəhbərliyi altında ardıcıl üç – 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərində İsrail çempionu olub. Bununla da klubun çempionluq sayı beşə çatıb.

2025/2026 mövsümündə isə Beer-Şeva komandası daha bir böyük uğura imza atıb. "Hapoel" mövsümü İsrail çempionu kimi başa vuraraq tarixində 6-cı ölkə çempionluğunu qazanıb. Bu, komandanın 2017/2018 mövsümündən sonra ilk çempionluğudur. "Sabah"ın rəqibi 1996/1997, 2019/2020, 2021/2022, 2024/2025 mövsümlərində İsrail Kubokunu qazanıb. Komanda 1975, 2016, 2017 və 2022-ci illərdə isə ölkə Superkubokunun qalibi olub.

"Hapoel"in hazırkı baş məşqçisi israilli mütəxəssis Ran Kojukdur. O, 2024-cü ildən komandaya rəhbərlik edir.

Hazırkı İsrail çempionu ev oyunlarını "Turner" stadionunda keçirir. Arena 2015-ci ilin sentyabrında istifadəyə verilib və 16 126 tamaşaçı tutumuna malikdir. Stadion klubun əvvəlki ev arenası "Vasermil"i əvəz edib.

"Hapoel" son illərdə UEFA turnirlərində kifayət qədər təcrübə toplayıb. Komanda xüsusilə 2016/2017 mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində "Seltik"lə qarşılaşmaları ilə yadda qalıb. Daha sonra Avropa Liqası və Konfrans Liqasında da mübarizə aparıb.

Heyətdə yerli futbolçular üstünlük təşkil edir. Bundan əlavə, komandada Zambiya, Braziliya, Bolqarıstan və Serbiyadan olan legionerlər də var.

İsrail çempionu kimi Çempionlar Liqasına qatılan "Hapoel" II təsnifat mərhələsində İslandiya təmsilçisi "Vikinqur"u üstələyib (1:2, 2:0). III təsnifat mərhələsində isə Serbiyanın "Srvena Zvezda" komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıraraq pley-offa yüksəlib. Evdə minimalhesablı (1:0) qalibiyyətə sevinən kollektiv Serbiyada keçirilən cavab matçında 2:0 hesablı qələbə sayəsində "Sabah"a rəqib olub.

Xatırladaq ki, "Sabah"ın bu rəqiblə ilk oyunu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Buna səbəb UEFA-nın İsraildə beynəlxalq oyunların təşkilinə icazə verməməsidir. Cavab görüşü isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər