"Sabah" Bakıda necə qələbə qazana bilər? - Mütəxəssisdən cavab

Sabah Bakıda necə qələbə qazana bilər? - Mütəxəssisdən cavab
Açıqlama
İdman 7

Futbol mütəxəssisi Aslan Kərimov "Sabah"ın avrokuboklardakı şanslarından da danışıb.

Tanınmış mütəxəssis BAKU.WS-ə açıqlamasında "Sabah"ın son oyununu müsbət qiymətləndirib və komandanın xüsusilə ilk hissədə yaratdığı qol imkanlarının gözləniləndən çox olduğunu qeyd edib.

"Yaxşı oyun izlədik. Qarşılaşmanın daha ağır keçəcəyini düşünürdüm. Ən əsası isə "Sabah"ın bu qədər çox qol imkanı yaradacağını gözləmirdim. Xüsusilə ilk hissədə komanda rəqibin pressinqindən sonra topu qazanaraq bir neçə təhlükəli hücum təşkil etdi və onlardan birini qola çevirdi", - deyə Kərimov bildirib.

Mütəxəssisin sözlərinə görə, "Sabah" hesabı açdıqdan sonra üstünlüyünü davam etdirə və fərqi artıra bilərdi. Lakin komanda bu fürsətlərdən istifadə etməyib, rəqib isə iki qol vuraraq üstünlüyü ələ keçirib.

Kərimov Bakıdakı cavab qarşılaşmasında "Sabah"ın şanslarını bərabər qiymətləndirib:

"Məncə, "Sabah"ın şansları 50-nin 50-yədir. Bu baxımdan vəziyyət "Partizan"la oyuna bənzəyir. Qarşılaşmanın nəticəsi hər iki istiqamətdə dəyişə bilər. "Sabah"ın əsas diqqət yetirməli olduğu məqamlardan biri rəqibin hücuma keçidlərinin qarşısını almaqdır. Bunun üçün müdafiə xəttində yüksək konsentrasiya və düzgün mövqe seçimi vacibdir.

"Orhus"la oyunda "Sabah" bunu yaxşı bacarmışdı. Müdafiədən hücuma keçidlər zamanı rəqibə ciddi imkanlar vermədilər və sonlara yaxın rəqibi səhvlərə məcbur etdilər. Lakin "Hapoel"in futbolçuları texniki və fərdi keyfiyyət baxımından daha güclü görünürlər. Buna görə "Sabah" bu dəfə ikiqat diqqətli olmalıdır".

O, standart vəziyyətlərin də cavab oyununda mühüm rol oynaya biləcəyini düşünür. Kərimovun sözlərinə görə, "Sabah"ın bu cür epizodlardan qol vurmaq imkanları var, lakin eyni zamanda rəqibin standart vəziyyətlərinə qarşı müdafiədə də maksimum diqqətli olmaq lazımdır.

Mütəxəssis "Sabah"ın ilk oyunda çoxsaylı qol imkanları yaratmasını da müsbət məqam kimi qiymətləndirib. Onun fikrincə, komandanın cinah müdafiəçilərinin hücumlara fəal qoşulması Bakıda da təhlükəli epizodların yaranmasına səbəb ola bilər:

"İlk oyunda olduğu kimi, Bakıda da çoxlu qol imkanlarımız olacaq. Cinah müdafiəçilərimiz kifayət qədər aktivdirlər və bunu davam etdirsək, cinahlardan edilən ötürmələr hesabına təhlükəli vəziyyətlər yarada bilərik. Sadəcə, həmin imkanları qola çevirib-çevirə bilməyəcəyimizi indidən demək çətindir.

"Sabah" məğlubiyyət halında belə avrokuboklarda mübarizəni davam etdirəcək. Klub ən azı Avropa Liqasının liqa mərhələsində iştirak edəcək. Ümid edirəm ki, "Sabah" Çempionlar Liqasında mübarizəni davam etdirəcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər