Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi
"Qarabağ" klubunun futbolçusu Marko Yankoviç "Sabah"la keçirilən oyundan sonra yayılan görüntülərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sosial şəbəkədə yazdığı şərhdə baş hakim Rəvan Həmzəzadə ilə bağlı insidentə aydınlıq gətirməyə çalışıb.
O, hakimə qəsdən hücum etmək niyyətində olmadığını vurğulayıb və baş verənlərin yanlış təqdim edildiyini qeyd edib:
"Əgər məni vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı? Əgər 20 nəfərin reaksiyası eynidirsə, hamısının səhv, bir nəfərin haqlı olması mümkündürmü? Siz özünüzə sual verdinizmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?"
Onun sözlərinə görə, insident penalti epizodu ilə bağlı olmayıb. Yankoviç iddia edir ki, VAR-a baxılması üçün etdiyi müraciətdən sonra hakim ona birbaşa qırmızı vərəqə göstərib və "rədd ol" deyib.
O, həmçinin hakimin onu paltardəyişmə otağına çağırmasını qeyri-peşəkar addım kimi qiymətləndirib. Yankoviç qeyd edib ki, qərarla razılaşmasa da, hakimi təhqir etməyib.
Futbolçu xatırladıb ki, bu, "Qarabağ"dakı 4 illik karyerasında ilk qırmızı vərəqədir və ümumilikdə ikinci belə haldır.
Qeyd edək ki, oyundan sonra Yankoviçin baş hakimin üzərinə getdiyini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Oxşar xəbərlər
"Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb
Futzal üzrə Estoniya çempionatında çıxış edən "Qarabağ Tallin" mövsümü uğurlu nəticə ilə başa vurub. BAKU.WS xəbər verir ki, komanda üçüncü yer uğrunda keçirilə...