Maradonanın cırılmış forması hərracda 152 min avroya satılıb

Maradonanın cırılmış forması hərracda 152 min avroya satılıb
İdman 23

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın oyun zamanı geyindiyi və cırılmış futbol forması "Matchday Football Auctions" hərracında 152 min avroya satılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Forma ilkin olaraq 123 min avroya satılsa da, 23 faizlik komissiya əlavə edildikdən sonra onun yekun qiyməti 152 min avro təşkil edib. Bu forma Maradonanın klublar səviyyəsində hərraca çıxarılan formaları arasında ən bahalısı olub.

Sözügedən forma Maradonanın 1984-cü il İspaniya Kubokunun finalında "Barselona"nın heyətində "Atletik"ə (Bilbao) qarşı oynadığı matça aiddir. Həmin görüşdə katalon klubu 0:1 hesabı ilə məğlub olub. Matçdan sonra meydançada kütləvi dava baş verib və insident zamanı futbolçunun forması cırılıb.

Lotun təsvirində qeyd olunur ki, formanı paltardəyişmə otağında yuma üçün geyimləri toplayan klub əməkdaşı tapıb. O, formanı bərpa edə bilmədiyi üçün xatirə olaraq saxlayıb. İllər sonra isə formanı tanış bir kişiyə hədiyyə edib. Daha sonra forma miras yolu ilə həmin şəxsin oğluna keçib və o da formanı hərraca çıxarıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib. O, 1986-cı il dünya çempionu, "Barselona" ilə İspaniya Kuboku və Superkubokunun, "Napoli" ilə isə ikiqat İtaliya çempionu, ölkə kuboku, Superkubok və UEFA Kubokunun qalibi olub.

Oxşar xəbərlər

Son xəbərlər