"Borussiya" "Qarabağ"ın bu futbolçusuna elçi düşüb - 7 milyon avro

Borussiya Qarabağın bu futbolçusuna elçi düşüb - 7 milyon avro
İdman 28

"Qarabağ"ın etibarlı qapıçısı Mateuş Koxalski qış transfer dönəminin ən çox müzakirə olunan adlarından birinə çevrilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Almaniya nəhəngi "Borussiya" (Dortmund) polşalı qolkiperin transferi üçün real addımlar atmağa hazırlaşır.

Məlumata görə, dortmundluların baş məşqçisi Niko Kovaç Koxalskinin xüsusilə "Napoli" ilə oyundakı performansından ciddi şəkildə təsirlənib. Məhz həmin görüşdən sonra Kovaç rəhbərliyə qapıçının alınması ilə bağlı müsbət rəy verib. Klub qış transfer pəncərəsində Koxalski ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.

Ağdam klubu qapıçısını asanlıqla əlindən buraxmaq niyyətində deyil. Klub rəhbərliyi Koxalskinin satış qiymətini 7 milyon avrodan aşağı müzakirəyə belə çıxarmaq istəmir.

Bundan başqa, "Qarabağ"ın durumuna görə transferin vaxtı da dəyişə bilər. Komanda Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrsə, polşalı qapıçının satışı yayadək təxirə salınacaq. Ağdam təmsilçisi ÇL-in 32-liyinə adlayacağı halda isə Koxalski mövsümün sonunadək komandada qalacaq.

"Borussiya"da yayda ciddi qapıçı islahatı gözlənilir. 40 milyon avro dəyəri olan əsas qolkiper Qreqor Kobelin mövsüm sonu klubdan ayrılması planlaşdırılır. Dortmund rəhbərliyi onun yerini məhz Koxalski ilə doldurmağı hədəfləyir.

Bütün bu məlumatlar Koxalskinin qış transfer bazarının ən "isti" adlarından biri olacağını göstərir. İndi diqqətlər həm "Qarabağ"ın Çempionlar Liqasındakı nəticəsinə, həm də Dortmundun rəsmi təklifinə yönəlib.

Son xəbərlər