Bakıya kimlər gələ bilər: Niderland, Fransa, Portuqaliya, İspaniya, Almaniya...

Bakıya kimlər gələ bilər: Niderland, Fransa, Portuqaliya, İspaniya, Almaniya...
İdman 243

Futbol üzrə Avropa çempionatında indiyədək 11 komanda 1/8 final mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, A qrupundan İtaliya, Uels və İsveçrə, B qrupundan Belçika və Danimarka, C qrupundan Niderland və Avstriya, D qrupundan Çexiya və İngiltərə, E qrupundan İsveç, F qrupundan isə Fransa pley-offa yüksəlib.

Bunlardan iki görüşünü Bakıda keçirmiş İsveçrə yalnız ən yaxşı qrup üçüncüsü kimi mərhələ adlayıb. Digər qruplardakı komandalar da ən yaxşı 3-cü olma şansını qoruyur. Avropa çempionatında 3-cü yeri tutan ən yaxşı 4 komanda 1/8 finala vəsiqə qazanmalıdır.

Hazırda B qrupunda 3 xalla 3-cü pillədə qərarlaşan Finlandiya ilə C qrupundakı Ukraynanın 1/8 final mərhələsi üçün şansı elə də çox deyil. Hər iki yığma rəqiblərinə nisbətən qrupdakı oyunlarını başa vurub, həmçinin Finlandiya -2, Ukrayna isə -1 top fərqinə malikdir.

D qrupunda Xorvatiya və Şotlandiyanın taleyi öz əlindədir. 1 xala malik komandalar bu gün qrupda sonuncu görüşlərində üz-üzə gələcəklər. Qalib gələn tərəf 1/8 finala yüksələcək. Görüşün heç-heçə yekunlaşması isə Ukrayna və Finlandiyanın işinə yarayacaq.

AVRO-2020-nin E və F qruplarında ikinci vəsiqənin də sahibi bəlli deyil. İyunun 23-də hər iki qrupun taleyinə aydınlıq gələcək. E qrupunda 4 xal toplayan və növbəti mərhələyə vəsiqə qazanan İsveçin belə ən yaxşı 3-cü olma ehtimalı var. Bundan əlavə 3 xala malik Slovakiya, 2 xalı olan İspaniya və 1 xallı Polşa da ya qrup 2-cisi, ya da ən yaxşı 3-cü yerin sahibi kimi növbəti mərhələ şanslarını qoruyur.

Hətta F qrupundakı son dünya çempionu Fransanın belə ən yaxşı 3-cü yerin sahibi kimi növbəti mərhələyə yüksəlmək ehtimalı mövcuddur. "Xoruzlar" son turda Portuqaliyaya uduzsa, Almaniya isə macarları üstələsə, fransızlar ən yaxşı 3-cü yeri tutanlardan olacaq.

1/8 final cütlərindən ikisinin qalibi 1/4 final oyununu keçirmək üçün Bakıya gələcək. Həmin cütlərdən biri Uels - Danimarka olacaq. Digər cütdəki bir komandanın isə hələlik C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland olacağı dəqiqdir. "Narıncılar"ın rəqibi D, E və ya F qruplarında 3-cü yeri tutanlardan biri olacaq. Hazırkı durumda müvafiq olaraq, Xorvatiya (-1 top fərqi; 1 xal), İspaniya (0 top fərqi; 2 xal) və Portuqaliya (+1 top fərqi, 3 xal) belə bir imkana malikdir.

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də yekunlaşacaq.

Son xəbərlər