Aslan Kərimov: "Düzü, belə oynayacaqlarını düşünmürdüm"

Aslan Kərimov: Düzü, belə oynayacaqlarını düşünmürdüm
Açıqlama
İdman 2

Futbol mütəxəssisi Aslan Kərimov "Qarabağ"ın avrokuboklarda növbəti mərhələyə keçmək şanslarını dəyərləndirib.

Tanınmış mütəxəssis BAKU.WS-ə bildirib ki, komandanın Niderlandda "Tvente" üzərində qazandığı 1:0 hesablı qələbə gözləntilərdən daha yaxşı nəticədir.

Kərimovun sözlərinə görə, heyətin böyük hissəsinin dəyişməsi və əsas futbolçuların zədələnməsi fonunda "Qarabağ"ın bu qədər aktiv oyun nümayiş etdirməsi gözlənilməz olub.

"Düzü, "Qarabağ"ın belə aktiv oynayacağını düşünmürdüm. Bunun əsas səbəblərindən biri heyətin böyük hissəsinin dəyişməsi idi. Üstəlik, Elvin Cəfərquliyev və Bikalyonun zədələnməsi də komandanın oyununa təsir göstərə bilərdi. Buna baxmayaraq, "Qarabağ" gözləntilərimizin əksinə olaraq yaxşı çıxış etdi", - deyə mütəxəssis qeyd edib.

Kərimov ilk dəqiqələrdə "Tvente"nin üstünlük qazandığını, lakin təxminən 25-30 dəqiqədən sonra "Qarabağ"ın oyuna nəzarəti ələ almağa başladığını bildirib. Onun fikrincə, Ağdam təmsilçisinin rəqibin pressinqindən çıxmasında topa nəzarət əsas rol oynayıb.

"Qarabağ"ın ən yaxşı etdiyi işlərdən biri topu itirməməsi idi. Komanda bir cinahdan digərinə keçidlər etməklə rəqib futbolçuları böyük məsafələr qət etməyə məcbur edirdi. "Tvente" ön xəttdə pressinq etdikdə "Qarabağ" bu təzyiqdən çıxa bilir, rəqib yarımmeydanına qədər irəliləyirdi. Nəticədə niderlandlı futbolçular davamlı şəkildə geri qayıtmalı olur və bu da onların fiziki baxımdan yorulmasına gətirib çıxarırdı", - deyə o vurğulayıb.

Mütəxəssis ikinci hissədə "Tvente"nin təzyiqinin artdığını, buna baxmayaraq "Qarabağ"ın cinah hücumundan sonra hesabı açmağa nail olduğunu bildirib. O, qapıçının da kritik məqamlarda komandanı xilas etdiyini söyləyib.

Kərimov hesab edir ki, "Tvente" üzərində 1:0 hesablı qələbə "Qarabağ"a müəyyən üstünlük versə də, bu nəticə mərhələnin taleyini həll etmir:

"İndi səfər qolu qaydası tətbiq olunmur. Ona görə də 1:0 hesabı böyük üstünlük deyil. Bu nəticə "Qarabağ"a Bakıda daha rahat oynamaq imkanı verə bilər, amma "Tvente" istənilən anda qol vurmaq gücündə olan komandadır. Onlar Bakıda daha riskli oynayacaqlar. "Qarabağ"ın Bakıda da kifayət qədər qol imkanları olacaq. Əsas məsələ həmin fürsətləri qola çevirməkdir.

"Tvente"nin oyun strukturu və kombinasiyalı futbolu yüksək səviyyədədir. "Qarabağ" rəqibə uzun müddət topa sahib olmaq imkanı verməməlidir. Ağdam təmsilçisinin mərhələni keçəcəyinə və komandanın növbəti mərhələdə mübarizəni davam etdirəcəyini inanıram".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər