Ançelotti Neymarı Dünya çempionatına aparacaq?
33 yaşlı Neymar "Santos"a qayıtdıqdan sonra ard-arda zədələr, zəif oyun və qalmaqallarla gündəmdən düşmür.
BAKU.WS xəbər verir ki, 2023-cü ildə PSJ-dən ayrılıb Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirən braziliyalı hücumçu 2025-ci ildə "Santos"a dönsə də, vəziyyət daha da pisləşib.
O, mövsüm ərzində altı dəfə arxa bud əzələsi zədəsi yaşayıb, ümumilikdə 18 matçı buraxıb.
Neymarın meydandakı effektsiz oyunu "Santos"un vəziyyətini ağırlaşdırıb. Komanda hazırda turnir cədvəlinin 16-cı pilləsində, bir addım aşağı isə təhlükəli zonada qərarlaşıb. Ulduz futbolçunun emosional davranışları da müzakirə mövzusu olub. O, "Flamenqo" ilə oyunda əvəzlənəndə əsəbləşərək birbaşa soyunub-dəyişmə otağına gedib və medianı "yalan xəbərlər yaymaqda" ittiham edib.
Bütün çətinliklərə baxmayaraq, Neymar noyabrda "Mirasol"la oyunda qol vuraraq dönüş siqnalı verib və "Sport Resifi"yə qarşı matçda həm qol, həm də ötürmə ilə fərqlənib. O, bildirib ki, fiziki olaraq özünü daha yaxşı hiss edir və dünya çempionatında oynamaq istəyindən əl çəkmir.
Neymar artıq iki ildir Braziliya millisində forma geyinmir. Lakin baş məşqçi Karlo Ançelotti onun mundial şanslarını hələ də açıq saxlayır:
"Neymar 100% hazır olmalıdır. Komandada rəqabət çox böyükdür. O, çox istedadlı futbolçudur, sadəcə zədələr ona mane olub",-deyə Ançelotti bildirib.
Neymarın əsas hədəfi dəyişməyib – son şansında dünya çempionu olmaq. Lakin bunun üçün ilk növbədə "Santos"u liqada saxlamalı, ardından isə sabit formada oynamağa davam etməlidir. Çempionata cəmi yarım il qalıb və vaxt sürətlə daralır.
Oxşar xəbərlər
"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb
2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün "Early Bird" – erkən bilet satışına start verilib. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Ş...