Alim Nəbiyev: "Rafael Fiziyev bütün taktiki tapşırıqları yerinə yetirdi və qalib gəldi"
Azərbaycan təmsilçisi Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı turnirinin əsas döyüşündə bütün tapşırıqları yerinə yetirdiyi üçün qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 33 yaşlı MMA idmançısının məşqçilər korpusunda yer alan Alim Nəbiyev bildirib:
"Bakıdakı ikinci yarışdan 10 gün əvvəl zəngləşdik, görüşdük. Turnirədək onunla birlikdə işlədim. Rəqibin güclü və zəif tərəflərini izah etdim. Meksikalı Manuel Torresi hərtərəfli təhlil etmişdik. Yaxın məsafədən döyüşməli, ayağa zərbələrə üstünlük verməli olduğunu dedim. Bütün taktikaları danışdım, görüş vaxtı da yanında idik. Bir-birimizi başa düşdük, bütün tapşırıqları yerinə yetirdi və qələbə qazandı".
A.Nəbiyev ilk olaraq R.Fiziyevə dost kimi kömək etməyə başladığını söyləyib:
"2025-ci ildə, UFC-nin Bakıdakı ilk turnirindən üç gün əvvəl Azərbaycana gəldim. Fiziyevin həmin döyüşdəki rəqibi çilili İqnasio Bahamondes mənim kimi ucaboydur. Texnikamız da oxşar idi. Üç gün ərzində Rafael Fiziyevlə 15-20 raund birlikdə işlədik, sparrinqlər etdik. Nələr lazımdırsa, başa saldıq. Ondan sonra Fiziyev Bakıdakı ilk UFC turnirində qalib gəldi. Mənim məsləhətlərim xoşuna gəldi, dediklərimə qulaq asdı. Sonradan Tailandda birlikdə məşq etdik. Orada da dəstək oldum. Amma Avstraliyadakı döyüşünə gedə bilmədim. Həmin vaxt məğlub oldu. Rəqibi üstələməyə yaxın idi. Amma bəzi göstərişlər vaxtında verilmədi. Bu səbəbdən uduzdu".
Alim Nəbiyev Bakıdakı digər görüşlərə tam baxa bilmədiyini sözlərinə əlavə edib:
"Çünki Rafael Fiziyevin yanında idim. Saat 8-də oteldən arenaya gəlmişdik. Döyüş başlayana qədər məşqləri davam etdirirdik. Amma telefonla az da olsa, izlədim. Tahir Abdullayevin mübarizəsi xoşuma gəldi. Çox aqressiv döyüşürdü. O, dostumdur. Maraqlı görüş alındı. Düzgün məşqlər etsə, özünə yaxşı komanda yığsa, gələcəkdə böyük qələbələr qazanacaq. Nazim Sadıxovun qarşılaşmasına çox baxa bilmədik, biz həmin vaxt öz görüşümüzə hazırlaşırdıq. Uzun müddətdir UFC-də döyüşür. O, fəxrimizdir. Amma idmanda istənilən nəticə qeydə alına bilər. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacaq. Fərman Həsənov da UFC-də debüt etdi. İlk qarşılaşmasına görə əla nəticədir. Bir az yoruldu. Onun da gələcəkdə özünü daha çox göstərəcəyinə ümid edirəm".
Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.
Oxşar xəbərlər
Markinyos: "Yaponiya ilə oyun çox çətin olacaq, amma biz hazırıq"
Braziliya millisinin müdafiəçisi Markinyos 2026-cı il Dünya çempionatının 1/16 finalında Yaponiya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. BAKU.WS xaric...