SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

Qurum rəhbəri artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını söyləyib: “Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.

Ş.Bağırov yığmanın Avropa çempionatındakı çıxışını da dəyərləndirib: “Avropa çempionatında müəyyən nəticələrimiz olsa da, qrupdan çıxa bilmədik. Amma yaxşı komanda formalaşmışdı. Mərhələ adlaya bilmədiyimiz üçün bu proseslərə daha diqqətlə yanaşmalı olduğumuzu düşündük. Millinin üzvləri kifayət qədər təcrübəli voleybolçulardır, müxtəlif ölkələrdə çıxış edirlər. Yığmada işləmək təcrübəsi olan məşqçi dəvət etmişdik. Qrupdan çıxa bilməməyimizdə rəqiblərin çox güclü olmasının da rolu var idi. Elə bizim qrupdan çıxan Türkiyə yığması Avropa çempionu oldu”.

Federasiya prezidenti Azərbaycan çempionatlarının 2023/2024 mövsümündə gərgin mübarizə gözlədiyini sözlərinə əlavə edib: “Həm kişilər, həm də qadınlar arasında çempionatda 6 komandanın çıxış etməsi oyunları daha maraqlı edəcək. Oyun sayı nə qədər çox olsa, voleybolçuların ustalıq səviyyəsi də o qədər artar. Bu mənada 6 komandalı liqa arzuolunandır. Bunun nəticəsini görəcəyik”.

O bildirib ki, federasiya aşağı yaş qruplarına xüsusi diqqət ayırır: “Bizim üçün əsas hədəf aşağı yaş qruplarında imkanların artırılmasıdır. Artıq bir sıra rayonlarda seleksiya işləri ilə məşğul olmuşuq. Müxtəlif yaş qruplarında çıxış edəcək voleybolçuları müəyyənləşdirmək üçün iş aparılır. Demək olar ki, əksər rayonlarda seleksiya işi görülüb. İlk növbədə qızlar arasında bunu etmişik. Peşəkar voleybolçu ola biləcək perspektivdə uşaqlar var. Gələcəkdə əsas millinin heyətinin ölkə daxilində yetişən voleybolçulardan ibarət olacağına əminik”.

BAKU.WS