SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bilirik ki, sabah çətin oyun olacaq. Amma Konfrans Liqasında oynamaq çox yaxşı hissdir”.

Bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsini də Türkiyənin “Beşiktaş” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, ilk matçda kı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar:

“İki qolluq fərqi aradan qaldırmalıyıq. Sabah bunun öhdəsindən gəlməyə çalışacağıq. Bizi çox güclü rəqibin gözlədiyini bilirik”.

Çalışdırıcı futbolda hər şeyin mümkün olduğunu deyib:

“Beşiktaş”la rəqib olanda hamı bizi siyahıdan silmişdi. Bura məğlubiyyətlə gəlmişik. Amma futbolda hər şey mümkündür. Əlimizdən gələni etməliyik ki, geyindiyimiz formanın haqqını verək. Normalda “Beşiktaş” kimi komandalarla Çempionlar Liqasında qarşılaşırsan, Konfrans Liqasında yox”.

A.Mutu təxminən ilk görüşdəki futbolçuların meydanda olacağını qeyd edib:

“Heyətimiz kasaddır yeni transfertlərin olması gözlənilir. Son oyunların ritmi bizə üstünlük vermir. Həm avrokubokda, həm yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyət lazımdır. Bu vəziyyətə uyğunlaşmağa və yaxşı formada çıxmağa çalışırıq. Buradayıqsa hər oyuna qələbə üçün çıxmalıyıq”.

Baş məşqçi komandasından “Beşiktaş”la görüşün ikinci hissəsindəki futbolu gözlədiyini söyləyib:

“İlk matçın birinci hissəsində də komanda əlindən gələni edirdi. Amma ikinci yarıdakı “Neftçi”ni görmək istəyirəm. Sabah öz üslubumuzda oynamağa çalışacağıq. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq, öz stilimizə sadiq qalmalıyıq ki, bunu təkmilləşdirək”.

Mutu futbolçu karyerasında da belə hallarla qarşılaşdığını bildirib:

“Çox olub. Belə oyunlarda hər qol vacibdir. Mərhələ iki matçdan ibarətdir. İlk görüşdəki səhvləri düzəltməyə çalışmaq lazımdır. Köklənməliyik. Düşünürəm ki, sabah istədiyimiz oyunu göstərə biləcəyik”.

Çalışdırıcı “Beşiktaş”ın nədən çəkinməli olduğunu açıqlayıb:

“İlk matçın ikinci hissəsində göstərmişik ki, futbol oynaya bilirik. “Beşiktaş” bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur və diqqətli olmalıdır”.

Qeyd edək ki, sabah İstanbuldakı “Vodafone Arena”da keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

BAKU.WS