SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mövcud maliyyə vəziyyəti bütün mənalarda heç də yaxşı deyil. Avropa Oyunlarından əvvəl Rabatdakı Premyer Liqa yarışı üçün vəsait ayrılmadı. Buna görə də turnirə təkcə mən qatılmışam”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda bu gün start götürən Premyer Liqa turnirinə tək yollanması ilə bağlı danışarkən deyib.

68 kq çəki dərəcəsində ən yüksək reytinqli karateçi olan dünya və Avropa çempionu Rabat-2023-ə səfər xərclərini qismən özünün qarşıladığını bildirib: “Mənim üçün mövsüm ərzində daim formada qalmaq və reytinqdəki mövqeyimi qorumaq vacibdir. Çünki hazırda reytinqdə birinci yerdəyəm. Bu nəticə isə bir turnirdə qazanılmır”.

27 yaşlı idmançı əlavə edib ki, əvvəllər maliyyə cəhətdən hansısa problem yaşamayıblar:

“Maliyyənin ayrılmamasında federasiyanın, assosiasiyanın, yoxsa nazirliyin məsuliyyət daşıdığını bilmirəm. Hər şey yaxşı gedirdi, peşəkar yanaşma var idi. Amma indi vəziyyət belə alınıb”.

İ.Zaretska Azərbaycan Karate Federasiyasında maliyyə probleminin olub-olmadığına da münasibət bildirib:

“Bununla bağlı federasiyanın prezidenti ilə danışsanız, daha yaxşı olar”.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qadın karateçinin Mərakeşə səfəri üçün ona köməklik göstərdiyini bildirib:

“Zaretska səfər xərclərinin bir hissəsini özü qarşıladı, bir hissəsini də biz köməklik göstərdik. Parisə biletini mən aldım. Orada Fransa klubu ilə təlim-məşq toplanışı keçdikdən sonra Rabata getdi. Maliyyə olmadığı üçün Mərakeşə təkcə Zaretskanı göndərə bildik”.

Federasiya prezidenti maddi baxımdan problem yaşadıqlarını da təsdiqləyib:

“Federasiyada maliyyə baxımından son vaxtlar müəyyən çətinliklər var. Hamıdan qat-qat yüksək büdcəmiz olan vaxtlar da olub. Bu gün belə alınıb. Amma demək olmaz ki, heç nə eləmirik. Əlbəttə ki, maliyyə çox ayrılsa, daha yaxşı olar. Gənclər və İdman Nazirliyi bizə öz köməkliyini göstərir. Yəqin ki, yeni sponsor tapılacaq. Sponsor olmadan tək nazirliyin bütün federasiyaları maliyyələşdirməsi çətin olar. Nazirliyin dəstəyini həmişə hiss eləmişik”.

Qeyd edək ki, İrina Zaretska Rabat-2023 Premyer Liqasında mayın 13-də mübarizəyə qoşulacaq.

BAKU.WS