SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən reytinqli qarışıq döyüş növləri üzrə təşkilatı olan UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibinin adına hələ də aydınlıq gəlməyib.

BAKU.WS-in məlumatına görə, hazırda təmsil olunduğu yüngül çəkidə reytinqə görə, 6-cı olan Rafael Fiziyev çəkinin 3-cü nömrəsi Dastin Qeytjini döyüşə çağırsa da, bu, nəticəsiz qalıb. Son olaraq yüngül çəki dərəcəsində Rusiyanı təmsil edən erməni əsilli Arman Tsarukyanla Rusiyanın digər üzvü Damir İsmaqulov üz-üzə gəlib. UFC-də ardıcıl 5 döyüşündə qələbə qazanan Damir İsmaqulov rəqibinə uduzaraq kəmər mübarizəsindən kənarda qalıb. Arman Tsarukyan isə UFC-də ardıcıl 7-ci qələbəsini qazanıb. Rafael Fiziyev isə UFC-də keçirdiyi son 6 görüşünü qələbə ilə başa vurub.

Hazırda UFC-nin yüngül çəkisində reytinq üzrə ilk yerin sahibi sabiq çempion braziliyalı Çarlz Oliveyradır. Çarlz Oliveyraya qalib gələrək çempionluq kəmərini onun əlindən alan rusiyalı İslam Maxaçev növbəti döyüşünə hazırlaşır. Həmin çəkidə çempionluğa iddialı digər döyüşçü son qarşılaşmada Maykl Çendleri məğlub edən amerikalı Dastin Poryedir.

İran əsilli, hazırda ABŞ-ı təmsil edən Beneil Dariuş da İslam Maxaçevin çempion olduğu çəki dərəcəsində əsas favoritlərdəndir.

Rafael Fiziyev Arman Tsarukyan da daxil olmaq şərti ilə bu idmançıların hər biri ilə döyüşə bilər. UFC təşkilatçılarının yaxın günlərdə yüngül çəkidə üz-üzə gələcək cütlüklərin adlarını açıqlayacaqları gözlənilir. 

BAKU.WS