Yerə G1–G2 səviyyəli maqnit qasırğaları gözlənilir

Yerə G1–G2 səviyyəli maqnit qasırğaları gözlənilir
Sosial 37

Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğaları gözlənilir. Buna səbəb Günəşdə baş verən güclü alışmadan sonra kosmosa atılan plazma axınıdır.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin məlumatına görə, geomaqnit pozuntularının səviyyəsi G1–G2 intervalına çatacaq. Hadisəyə martın 30-da qeydə alınan X1.5 sinifli Günəş alışması səbəb olub. Aktivliyin pik həddinin əsasən bu gün müşahidə ediləcəyi bildirilir.

Qeyd olunur ki, təsirlər növbəti gün də qismən davam edə bilər. Lakin maqnit qasırğası səviyyəsinə əsasən bu gün çatacağı gözlənilir.

Alimlər bildirir ki, G2 səviyyəli qasırğalar yüksək enliklərdə enerji sistemlərində gərginlik siqnallarına səbəb ola bilər. Uzunmüddətli təsir zamanı transformatorlara ziyan vurma ehtimalı da istisna edilmir.

Bundan əlavə, kosmik texnologiyalarda müəyyən nasazlıqlar yarana bilər. Peyklərin idarə olunmasında düzəlişlər tələb oluna, atmosfer sıxlığındakı dəyişikliklər isə onların orbitinə təsir göstərə bilər.

Həmçinin belə dövrlərdə yüksək tezlikli radio siqnallarının yayılması zəifləyə bilər. Qütb parıltılarının isə 55 dərəcə şimal enliklərinə qədər müşahidə olunması mümkündür.

Son xəbərlər