Xroniki burun axıntısı XƏRÇƏNGLƏ bağlı ola bilər

Xroniki burun axıntısı XƏRÇƏNGLƏ bağlı ola bilər
Sosial 108

Xroniki rinosinüzitin (burun ətrafındakı hava dolu boşluqların selikli qişasının iltihabıdır) bəzi xərçəng növlərinin yaranma riskini artıra biləcəyi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-də keçirilən Amerika Allergiya, Astma və İmmunologiya Akademiyasının (AAAAI 2026) illik toplantısında təqdim olunan genişmiqyaslı araşdırmada bildirilib.

Tədqiqat Cənubi Koreya və Yaponiyadan yüz minlərlə pasiyentin tibbi məlumatları əsasında aparılıb. Araşdırmada 40 yaşdan yuxarı şəxslərin məlumatları təhlil edilib.

Nəticələrə görə, Cənubi Koreyada 587 mindən çox insanın məlumatları araşdırılarkən xroniki rinosinüzit xəstəliyi olan şəxslərdə ümumi xərçəng riski 15 faiz daha yüksək olub. Yaponiyada isə 4,8 milyondan çox insanın iştirak etdiyi qrupda bu göstərici 63 faizə qədər artım göstərib.

Əlavə təhlillər göstərib ki, Cənubi Koreyada xroniki rinosinüzitdən əziyyət çəkən insanlarda ümumi xərçəng riski 18 faiz, ağciyər xərçəngi riski isə 28 faiz daha yüksəkdir.

Araşdırmaya görə, xüsusilə bəzi xərçəng növləri ilə daha güclü əlaqə müşahidə olunub. Yaponiyada bu xəstəliyi olan pasiyentlərdə hematoloji bədxassəli şişlər, ağciyər və qalxanabənzər vəz xərçəngi daha tez-tez qeydə alınıb.

Tədqiqat həmçinin göstərib ki, xərçənglə əlaqə əsasən burunda polip olmayan xroniki rinosinüzit xəstələrində statistik baxımdan daha aydın müşahidə edilib.

ABŞ-nin Cənubi Florida Universitetinin professoru, araşdırmanın müəlliflərindən biri Son H. Çon bildirib ki, nəticələr xroniki iltihabi proseslərlə xərçəngin inkişafı arasında mümkün əlaqəni göstərir. Onun sözlərinə görə, bu, xüsusilə orta və yaşlı yaş qrupunda olan pasiyentlərin daha diqqətlə onkoloji nəzarətdə saxlanmasının vacibliyini göstərə bilər.

Bununla yanaşı, alim qeyd edib ki, qlobal nəticələr çıxarmaq üçün araşdırmanın ABŞ və digər qərb ölkələrinin əhalisi üzərində də təsdiqlənməsi lazımdır. Hazırda oxşar tədqiqat amerikalı pasiyentlər arasında aparılır.

Florida Universitetinin otorinolarinqologiya kafedrasının dosenti Cennifer Malliqan isə araşdırmanı mühüm hesab etsə də, bəzi məhdudiyyətlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, piylənmə, siqaret çəkmə və 40 yaşdan yuxarı olmaq kimi risk faktorları həm xərçəng, həm də xroniki rinosinüzit üçün ortaq amillərdir və statistik modellər bu təsiri tam şəkildə aradan qaldıra bilməyib.

Son xəbərlər