Xəzərin suyunun çəkilməsi nəticəsində Azərbaycanda 40 min hektar torpaq sahəsi üzə çıxıb

Xəzərin suyunun çəkilməsi nəticəsində Azərbaycanda 40 min hektar torpaq sahəsi üzə çıxıb
Sosial 180

Xəzər dənizində su səviyyəsinin dəyişməsi təkcə dənizin coğrafiyasını deyil, həm də çevrəsindəki həyat sistemlərini kökündən dəyişir. Tarix boyu bir neçə dəfə ciddi şəkildə enib-qalxan Xəzər indi yenidən sürətli çəkilmə mərhələsinə daxil olub. Bu isə balıqçılıq, kənd təsərrüfatı və liman infrastrukturu üçün ciddi təhlükə deməkdir.

Bu barədə BAKU.WS-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev danışıb.

Onun sözlərinə görə, son yüz ildə Xəzərin səviyyəsi 3 dəfə dəyişib. 1930-dan 1978-ə qədər dənizin səviyyəsi 3.2 metr aşağı düşüb:

"Bu zaman Xəzərin Azərbaycan ərazisindəki sahil zonasında 70 min hektara qədər quru su altından çıxmışdı. 1978-dən 1995-ə qədər isə səviyyə 2.5 metr qalxdı. Bu zaman Azərbaycan ərazisində, xüsusilə cənub zonasında 50 min hektar torpağı su altında qalmışdı. İndi isə əks proses gedir. Hazırda təxminən 2.4 metrə qədər su azalıb. Nəticədə dəniz altında qalmış ərazinin təqribən 80 faizi - 40 min hektara qədər torpaq üzə çıxıb".

Mütəxəssis bildirib ki, çəkilmənin təsiri Kür çayının deltasında balıqçılığa, bundan başqa gəmiçiliyə təsir göstərir:

"Belə ki limanlara adətən gəmilər kanallar vasitəsilə girir, onların qurunt suları ilə dolması baş verir. Həmçinin suyun çəkilməsi kənd təsərrüfatına və flora və faunaya böyük təsir göstərir. Balıq növlərinin yem bazası Kürün deltasındadır. Həmin ərazilər quruyur, ona görə həmin ərazidən balıqların yem bazası azalır. Bu da təsərrüfata ziyan vurur. 

Son illərdə Xəzərin səviyyəsi həm qalxır, həm də enir. Bunu mütləq nəzərə almaq lazımdır".

"Xəzər yüzilliklər ərzində qalxır və o qədər də enir. Deyərdim ki, bu Xəzərin pasportudur. Qapalı su hövzələrinə xas olan əlamətlərdir. Qeyd edim ki, Xəzərdə olan suyun miqdarı bütün dünyada olan göl sularının təxminən 40%-dən çoxunu təşkil edir, - deyə Ə. Əliyev vurğulayıb.

Banu Hüseynli

Son xəbərlər