Uşaqlar üçün yaş məhdudiyyəti niyə vacibdir? - VACİB AÇIQLAMA
"Sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsi olduğu qədər, onların tənzimlənməsinin vacibliyi də artıq daha dərindən dərk edilir. Bu əhəmiyyət fonunda, uşaqların sosial şəbəkələrdən istifadəsinin lehinə və əleyhinə arqumentlərin səsləndirildiyini də görürük".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, lehinə arqumentlərə ünsiyyət və sosiallaşma bacarıqlarının inkişafı, təhsil məzmununa çıxış, müsabiqələrdə və sosial təşəbbüslərdə iştirak daxildir:
"Son vaxtlar müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdə qruplar yaratması da onları sosial şəbəkə istifadəçisi olmağa məcbur edən hallardan birinə çevrilib. Halbuki, sosial media lüks deyil. Bir çox uşaq, xüsusilə də təcrid olunmuş və ya marjinal vəziyyətdə olanlar üçün bu, öyrənməyə, əlaqə qurmağa, oyuna və özünüifadəyə çıxış təmin edən bir vasitə kimi qiymətləndirilməlidir.
Qeyd etdiyimiz kimi, əleyhinə arqumentlər də mövcuddur. Bu arqumentlərə geniş onlayn təhdidlər və uşaqları qorumaq üçün etibarlı hüquqi və texniki vasitələrin kifayət qədər olmaması daxildir. Müasir hüquq ədəbiyyatının özü də bir çox internet təhdidlərini müəyyən edir.
Məsələn, kontent riskləri. Burada qanunsuz məzmundan söhbət gedir. Pornoqrafiya, irqçilik, qumar, zərərli məzmun, təcavüz, nifrət nitqi, zərərli məsləhətlər, məsələn, intihara sövq edən məzmun nəzərdə tutulur. İstənilməyən reklamlar da bu risklərə daxildir. Əlavə risklər də mövcuddur. Məsələn, kiberhücumlar, kibertəhqir, kibertəqib də daxil olmaqla təhlükəli qarşılıqlı təsirlər buraya aid edilə bilər. Virtual əməliyyat riskləri dedikdə hüquqi qabiliyyət xaricində həyata keçirilən təsadüfi ödənişlər nəzərdə tutulur. Məxfilik və təhlükəsizlik riskləri də var. Buraya məlumatların sızması və uşaqların şəxsi məlumatlarından sui-istifadə halları daxildir".
Şəbnəm Həsənova hesab edir ki, sosial şəbəkələr üçün ən aktual risklərdən biri təhlükəli və zərərli əlaqələrdir:
"Məsələn, "ölüm qrupları"nın yaradılması, müxtəlif adlar altında fəaliyyət göstərən bu qruplarda cinsi cinayətlər də daxil olmaqla bir sıra cinayətlərin törədilməsi və etibardan sui-istifadə halları müşahidə olunur.
Təbii ki, ən geniş yayılmış təhlükələrdən biri uzunmüddətli nəticələrini qiymətləndirməyin çətin olduğu kiberhücumlardır. Psixoloji travmalar və informasiya asılılığı riskləri də nəzərə alınmalıdır. Bu, qarşısı alınması çətin olan asılılığa gətirib çıxarır. Nəticədə zehni, fiziki, emosional və bir çox digər zərərlər ortaya çıxır.
Əslində, sosial şəbəkələrdən şəxsi və işgüzar münasibətlər qurmaq və saxlamaq üçün istifadə etmək çox faydalı ola bilər. Lakin bunun gizli hüquqi nəticələrinin çoxluğu da həmişə nəzərə alınmalıdır. Sosial medianın məşhur ulduzlarının nümunə götürülməsi nəticəsində bu istiqamətdə yanlış addımlar da atılır.İctimaiyyətin gözü önündə böyüyən uşaq bloqerlər bir çox hallarda mənfi nümunəyə çevrilirlər. Bu isə ailədə valideynə itaətsizliyə və təhsildən yayınmağa gətirib çıxarır. Avstraliya, ABŞ, Fransa və digər ölkələrdə bu istiqamətdə tədbirlər görülür. Burada iki əsas tənzimləyici istiqaməti müəyyən etmək mümkündür.
Bunlardan biri giriş şərtlərinin, digəri isə istifadə şərtlərinin müəyyən edilməsidir. Girişin tənzimlənməsi istifadəçinin yaşına və valideyn razılığına aiddir. Pedaqogika və psixologiya uşağın reallığa son dərəcə hörmətlə böyüdülməsini vurğulayırsa, sosial media və sosial şəbəkələr məcazi mənada uşağın ayağını sanki reallıqdan kəsir. Kiçik və süni bir dünya yaradılır. Bu dünya ilk baxışda görünməsə də dar, məhdud, kasad, real dünya isə daha geniş, daha zəngindir".
Ekspert həmçinin qeyd edib ki, həddindən artıq qorunmanın özü də dar düşüncəli fərdin formalaşması riskini yaradır və artırır:
"Buna görə də uşağın inkişafına zərər verməmək üçün yaş həddinin müəyyənləşdirilməsi, zənnimcə, düzgün yanaşmadır. Hər bir halda hüquqi tənzimləmə zərurət və zəruridir. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun ilə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilib və bu sahədə yaranan münasibətlər tənzimlənib.
Azərbaycan bu istiqamətdə ağlabatan və düzgün mövqe tutur. Yaş məhdudiyyəti təkbaşına uşaqların onlayn təhlükəsizliyini təmin etmir. Bununla yanaşı, yaş məhdudiyyəti uşaqları müəyyən zərərlərdən qoruyur. Onların şəxsi həyat və iştirak hüquqlarına hörmət edir. Eyni zamanda, uşaqları tənzimlənməmiş və daha az təhlükəsiz məkanlara yönəlməkdən çəkindirir.
Zənn edirəm ki, tənzimləyici mexanizmlər həm fərdlər, həm də bütövlükdə cəmiyyət tərəfindən dəstəklənməli və alqışlanmalıdır. Hətta daha səmərəli nəticələr əldə etmək üçün bu istiqamətdə geniş müzakirələrin aparılması, həyata keçirilən layihələrin təkmilləşdirilməsi də zəruridir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bərdə və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək
İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (...