"TələbəPlus" kartı hansı sahələrdə keçərli olacaq? - RƏSMİ

TələbəPlus kartı hansı sahələrdə keçərli olacaq? - RƏSMİ
Sosial 508

Oktyabrın 15-dən etibarən "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartı tətbiq olunacaq.

Təhsilin İnkişafı Fondundan BAKU.WS-ə bildirilib ki, bu karta sahib olan tələbələr VİSA-nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər:

"TələbəPlus" kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün birgə həyata keçirdiyi layihədir. Layihə çərçivəsində təhsilin bütün pillələri yəni bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələr əhatə olunacaq.

Sözügedən kart tələbələr üçün həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış kartı funksiyalarını daşıyacaq. Layihənin ilkin mərhələsində Bakı, Sumqayıt və Naxçıvanda 17 ali təhsil müəssisəsi əhatə edilməklə təxminən 170 min tələbə bu sistemə qoşulacaq. Türkiyə-Azərbaycan Universiteti də daxil olmaqla, artıq 11 universitetlə memorandum imzalanıb. İrəliləyən mərhələlərdə isə digər region universitetləri, eləcə də texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur.

"TələbəPlus" kartı vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlana biləcəklər ki, bura supermarketlər, kitab, geyim/aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.

Hazırda siyahımızda 250-dən çox şirkət yer alır. Buraya həm Kapital Bank, həm "Visa"nın əməkdaşlıq etdiyi şirkətlər daxildir. Biz də Fond olaraq şirkətlərlə görüşlər keçirir, müqavilələr imzalayırıq. 9 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə də əməkdaşlıq müqaviləsi imzalandı. Artıq teatr, muzey və qoruqlarda da tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir. Bundan əlavə, daha əvvəl təhsil mərkəzlərinin nümayəndələri və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə də müqavilələr imzalanıb.

Onu da qeyd edək ki, Kapital Bankın veb-səhifəsi və birbank mobil tətbiqində xüsusi "TələbəPlus" bölməsi yaradılır. Həmin bölmədə tələbələr kartın özəllikləri, aktivləşdirilməsi, şirkətlərin siyahısı və təqdim etdikləri xidmətlər barədə bütün məlumatları tapa biləcəklər. Sözügedən tələbə kartının bir üstünlüyü də ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə biləcəkdir."

Qeyd edək ki, kartların artıq bank tərəfindən kütləvi şəkildə hazırlanması prosesinə başlanılıb. Oktyabrın 15-dən etirabən kartlar universitetlərə mərhələli şəkildə təhvil veriləcək və həmin ayın sonunadək siyahıda olan universitetlərin tələbələrinə paylanılacaq.

Şahanə Xankişiyeva

Son xəbərlər