"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Süni intellektin mediada tətbiqi" mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.
BAKU.WS-in məlumatına görə, tədbiri ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva açaraq süni intellekt texnologiyalarının artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir:
"Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur".
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında vurğulayıb ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir:
"Müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər".
Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin isə təlimçi qismində çıxış edərək "Giriş və mediada süni intellekt inqilabı", "Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası", "Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı", "Big Data" və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması", "Strateji inteqrasiya və gələcəyə baxış" adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb.
Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.
Qalereya
Oxşar xəbərlər
Bakının bir küçəsində edilən son dəyişikliklərdən sonra ortaya çıxan mənzərə
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol hərəkətinin təşkilində edilən son dəyişikl...