"Space TV"yə xəbərdarlıq olundu

"Space TV" kanalına xəbərdarlıq olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, Şuranın bu gün keçirilən iclasında 2025-ci il oktyabrın 8-i saat 22:06-23:09 arası "Space TV" kanalının efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.
Qeyd edilib ki, müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 01 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib.
"Hazırda Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktı müəyyən olunub.
Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanıb. Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.
İclas zamanı məsələ diqqətlə müzakirə edilib və proqramın 08 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinib, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilib.
Sonda yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili...
