Sosial yardım alanları SEVİNDİRƏCƏK XƏBƏR

Sosial yardım alanları SEVİNDİRƏCƏK XƏBƏR
Açıqlama
Sosial 258

"Milli Məclisin sonuncu plenar iclasında "Yaşayış minimumu haqqında" qanuna edilən dəyişikliklər qəbul edildi və yeni dəyişikliyə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial müəssisələr üçün normalar müəyyənləşib və təsdiq olunacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial müəssisədə çalışanlar yeni normalardan faydalana biləcəklər:

"Bu, sosial müəssisələr üçün yeni qida normalarının təsdiq edilməsinə imkan verəcək. Qida normalarının təsdiq edilməsi həmin sektorda çalışan və eyni zamanda fəaliyyət göstərən və həmin sektordan hazırda istifadə edən vətəndaşlarımızın yeni normalardan faydalanmasına şərait yaradacaq. 

Eyni zamanda, 2025-ci ildə istehlak səbətinin yeni tərkibinin müəyyənləşəcəyi və təsdiq olunacağı gözlənilir. İstehlak səbəti yaşayış minimumu və eləcə də ehtiyac meyarının dəyərinin müəyyənləşdirilməsi baxımından vacibdir. Yeni istehlak səbətinin dəyərinin, eləcə də strukturunun, xüsusən də son xərclərə uyğun olaraq müəyyənləşdirilməsi yaşayış minimumu məbləğinə təsir göstərəcəyi gözlənilir. 

Təbii ki, yaşayış minimum məbləğində artımlar müşahidə oluna bilər və yaşayış minimum məbləğinin artması həm də ehtiyac meyarının artmasına imkan yaradacaq". 

Deputat əlavə edib ki, ehtiyac meyarı sosial yardımlar baxımından vacibdir:

"Çünki ünvanlı sosial yardım proqramı çərçivəsində dövlət büdcəsindən yardım alan vətəndaşlarımızın aldıqları yardım məbləği ehtiyac meyarının məbləğinə uyğun olaraq müəyyənləşir. Yəni ehtiyac meyarı nə qədər artırsa, həmin ailənin gəlirlərində dəyişiklik baş vermirsə, həmin ailə daha böyük məbləğdə sosial yardım ala bilər. Məsələn, ailənin beş üzvü varsa, hər üzv üçün ehtiyac meyarının məbləği nəzərə alınır. Yəni beş nəfər müəyyənləşmiş mövcud ehtiyac meyarı və ya növbəti yeni ehtiyac meyarı məbləğinə vurulur. Alınan məbləğ isə ailənin gəlirindən çıxılır və qalan fərq dövlət büdcəsinin hesabına ödənilir. 

Bu baxımdan, yeni dəyişikliklər, istehlak səbəti, yeni struktur, həm də vətəndaşlarımızın sosial yardım məbləğlərinin artmasına imkan yarada bilər və bu onların sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacibdir".

Son xəbərlər