Şəbnəm Həsənova: "Bu, sadəcə rəsm deyil, yanlış mesajdır"

Şəbnəm Həsənova: Bu, sadəcə rəsm deyil, yanlış mesajdır
Foto
Sosial 126

"Dünyamız çətin dövrdən keçir. Qeyd edilməli amillərdən biri də ondan ibarətdir ki, dövlətlərin hərbi, siyasi, iqtisadi baxımdan güclü olması qədər, ideoloji əsaslar üzərində möhkəm dayanan cəmiyyətin formalaşması da əsas şərtlərdən biridir. Çünki müasir texnologiyaların inkişafı, süni intellekt - bütün bunların hər biri qlobal çağırışlar kimi dövlətlərə və cəmiyyətlərə, xüsusilə də gənc nəslə fundamental təsir göstərir".

Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə dövlətin təhsil sisteminin və valideynlərin üzərinə böyük məsuliyyət düşür:

"Bu baxımdan qeyd olunmalı digər bir məqam da ondan ibarətdir ki, Azərbaycan ənənəvi cəmiyyətdir. Belə bir cəmiyyət, düşünürəm ki, bütün dünyaya nümunə ola bilər. Biz həm milli dəyərlərimizi qoruyub saxlamağı bacarırıq, həm də müasir inkişaf tendensiyalarından geri qalmırıq.

Lakin təəssüf ki, mənfi tendensiyalar bizim cəmiyyətdən də yan keçmir. Amma bütövlükdə məsələlərə yalnız mənfi prizmadan yanaşmaq düzgün deyil. Azərbaycan kifayət qədər güclü dövlətdir, cəmiyyətimiz şüurludur, xalqımız isə öz tarixini və dəyərlərini yaxşı bilir. Bununla belə, bəzi xırda nüansların mərhələli şəkildə, maarifləndirmə, ictimai qınaq, çəkindirmə yolu ilə həlli daha konstruktiv və faydalı olar.

Şəbnəm Həsənova:

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi sadəcə rəsm çəkmək kimi deyil, həm də gözəl Bakımızın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli bir binaya qarşı düzgün olmayan addım kimi qiymətləndirilməlidir. Çünki bu cür əməllər və davranışlar bizim cəmiyyətimizin dəyərlərinə ziddir. Qraffiti bəzi Qərb ölkələrində geniş yayılmış bir haldır və çox vaxt binaların divarlarını, ictimai məkanları xoşagəlməz vəziyyətə salır, şəhərin ümumi görünüşünə xələl gətirir və şübhəsiz ki, estetikaya da müsbət təsir göstərmir.

Bu gün sosial şəbəkələrdə, media resurslarında ABŞ və Avropa şəhərlərində qraffitilərlə eybəcərləşdirilmiş binaları görən gənclik bunu edirsə, düzgün deyil. Bu mənzərələr nə bizdə xoş təəssürat yaradır, nə də dəyərlərimizə uyğundur. Çünki qraffiti mədəniyyəti Azərbaycana xas deyil.

Belə yad təsirlərin cəmiyyətimizə nüfuz etməməsi üçün hər birimiz məsuliyyət hiss etməliyik. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan müsbət dəyərləri və keyfiyyətləri ilə tanınır və biz məhz bu dəyərləri qoruyub saxlamalıyıq".

Son xəbərlər