Restoranlarda Monqolustan əti həyəcanı! - Müştərilərə məlumat verilir?
"Restoranlarda müştərilərə təqdim olunan qidaların hansı məhsullardan hazırlandığı, istifadə edilən xammalın mənşəyi və keyfiyyəti barədə məlumat verilməsi vacibdir. Xüsusilə ət və ət məhsullarının haradan gətirildiyi menyuda açıq şəkildə göstərilməlidir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, müştəri sifariş etdiyi yeməyin tərkibi ilə yanaşı, istifadə olunan məhsulların yerli və ya xarici mənşəli olduğunu da bilməlidir:
"Bu məlumat yalnız şifahi şəkildə deyil, menyuda da qeyd olunmalıdır. Əgər yeməyin hazırlanmasında ət məhsulundan istifadə edilirsə, həmin ətin mənşəyi və keyfiyyəti barədə məlumatın təqdim edilməsi şəffaflıq baxımından mühüm şərtdir.
Restoran sektorunda xammalın maya dəyərinin aşağı salınması istiqamətində müəyyən meyllər mövcuddur. Bəzi müəssisələr daha ucuz məhsullara üstünlük verməklə həm xidmətin maya dəyərini azaltmağa, həm də gəlirliliyini qorumağa çalışırlar.
Xüsusilə xaricdən daha aşağı qiymətə gətirilən ət məhsulları restoranlar üçün cəlbedici ola bilər. Yerli və xarici ət arasında qiymət fərqinin təxminən 15-20 faiz təşkil etməsi belə böyük həcmdə fəaliyyət göstərən restoranlar üçün ciddi maliyyə fərqi yaradır".
AQC sədri əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida obyektlərinin reyestrində Monqolustandan ət və ət məhsulları idxal edən müəssisələr də yer alır:
"Bu da həmin ölkədən Azərbaycana ət məhsullarının gətirildiyini göstərir. Əsas məsələ yalnız məhsulun keyfiyyəti ilə bağlı deyil. Monqolustandan gətirilən ətlə Azərbaycanda istehsal olunan iri və xırdabuynuzlu heyvanların ətləri arasında ciddi fərqlər var. Bu fərq həm istehlakçıların alışdığı dad, həm də məhsulun uzun müddət ölkəmizdə istehlak olunmaması ilə əlaqəlidir. Nəticədə xaricdən gətirilən bu ət məhsulları istehlakçı üçün nisbətən yeni məhsul hesab olunur və yerli ətlə müqayisədə ona üstünlük verilməsi heç də hər zaman məqsədəuyğun görünmür.
Məhz bu səbəbdən bəzi restoranların həmin əti istehlakçıya birbaşa təqdim etməkdənsə, yerli ət məhsulları ilə qarışdıraraq və ya müxtəlif formada hazırlanmış yeməklərin tərkibində təqdim etməyə üstünlük verirlər.
Qiymət məsələsinə gəldikdə isə, Monqolustandan gətirilən ətlə yerli ət arasında təxminən 15-20 faizlik fərq var. İlk baxışdan bu fərq böyük görünməsə də, restoran və iaşə obyektləri üçün böyük həcmdə alış zamanı kifayət qədər ciddi iqtisadi üstünlük yarada bilər. Bu da həmin məhsullardan istifadənin əsas səbəblərindən biri ola bilər.
Bununla belə, istehlakçıya təqdim olunan məhsulun mənşəyi barədə məlumat verilməsi vacibdir. Vətəndaş hansı ölkənin ətindən hazırlanmış məhsulu istehlak etdiyini bilməlidir. Əgər iaşə obyektində istifadə olunan ətin mənşəyi barədə müştəriyə məlumat verilmir və məhsul yerli ət kimi təqdim olunursa, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə hallarda müvafiq nəzarət tədbirlərinin görülməsi və qanunvericiliyə uyğun məsuliyyət məsələsinə baxılması zəruridir".
Orxan Hüseyn
Oxşar xəbərlər
"Green Card" uddu, "Yeni Klinika"dakı rəhbər vəzifəsindən getdi - AÇIQLAMA
Ravil Tağıyev "Yeni Klinika"nın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir...