Rayonlarda evi neçəyə almaq olur? - QİYMƏTLƏR

Rayonlarda evi neçəyə almaq olur? - QİYMƏTLƏR
Açıqlama
Sosial 118

"Fərdi yaşayış evlərinin ucuz və ya baha olması ilk növbədə rayonun iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanları ilə birbaşa bağlıdır. İnkişaf etmiş rayonlarda torpaq bazarı daha aktiv olur, tikinti xərcləri yüksəlir və nəticədə evlərin satış qiymətləri də baha olur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədrinin sözlərinə görə, o rayonlarda ki, istehsal müəssisələri fəaliyyət göstərir, əhali üçün daimi iş imkanları mövcuddur və sosial-iqtisadi sabitlik təmin edilib, həmin ərazilərdə fərdi yaşayış evləri daha yüksək qiymətə təklif olunur: "Bu həm alıcılıq qabiliyyəti, həm də tələbatın çoxluğu ilə izah olunur.

Digər mühüm amil isə turizm potensialıdır. Turizmin inkişaf etdiyi, yerli və xarici turistlərin maraq göstərdiyi rayonlarda fərdi yaşayış evləri həm yaşayış, həm də investisiya məqsədilə daha çox alınır. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Məsələn, Qəbələ və Zaqatala bu baxımdan xüsusilə fərqlənir. Həmçinin Lənkəran rayonu da iqlimi və turizm imkanlarına görə ətraf rayonlarla müqayisədə daha baha qiymətlərə malikdir.

Bundan başqa, Quba, Qusar regionu turizmin sürətlə inkişaf etdiyi ərazilərdən sayılır və bu amil burada evlərin qiymətlərini yüksəldir. Şamaxı və İsmayıllı rayonlarında da son illər turizm və infrastruktur layihələrinin artması fonunda fərdi yaşayış evlərinin dəyəri nəzərəçarpacaq dərəcədə artıb.

Ümumilikdə demək olar ki, turizmin və iqtisadi aktivliyin yüksək olduğu rayonlarda fərdi yaşayış evlərinin qiymətləri digər bölgələrlə müqayisədə daha bahadır. Bu cür rayonlarda 1 kvadratmetr üzrə orta qiymətlər təxminən 700-1000 manat aralığında dəyişir.

Əksinə, iqtisadi baxımdan nisbətən zəif inkişaf etmiş, iş imkanları və infrastruktur səviyyəsi məhdud olan rayonlarda fərdi yaşayış evlərinin qiymətləri daha aşağıdır. Bu tip ərazilərdə 1 kvadratmetrin qiyməti orta hesabla 250-400 manat arasında dəyişə bilər".

Orxan Hüseyn

Son xəbərlər