Qaxda 200 illik tarixi olan məscid qəzalı vəziyyətdə: "İbadət edənlər məcbur qalıb Zaqatalaya gedirlər"

Qaxda 200 illik tarixi olan məscid qəzalı vəziyyətdə: İbadət edənlər məcbur qalıb Zaqatalaya gedirlər
Video
Sosial 40

Qax rayonunun Çinarlı kəndində yerləşən məscid yararsız vəziyyətə düşüb. Tarixi ibadət ocağının dam örtüyü, demək olar ki, tamamilə dağılıb, tavanı isə uçma təhlükəsi ilə üz-üzə qalıb.

Baku TV-nin məlumatına görə, bu səbəbdən məsciddə hazırda ibadət etmək mümkün deyil. Kənd sakinləri 200 il tarixi olan bu ibadət evinin bərpa edilməsini istəyirlər.

"İbadət edənlər məcbur qalıb Zaqatalaya, ya da Qaxa gedirlər. Allahın evinə bu cür münasibət olmaz axı", - sakinlərdən biri narazılığını dilə gətirib.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, Qax rayonunun Çinarlı kəndində, eləcə də Balakən və Zaqatalanın bəzi kəndlərində XVIII-XIX əsrlərdə inşa edilmiş, dövrünün memarlıq məktəbinə aid olan oxşar məscidlər mövcuddur.

Onun fikrincə, məscidin inşa və təmir tarixi barədə ən dəqiq məlumat adətən üzərindəki kitabələr vasitəsilə müəyyən edilir: "Çox təəssüf ki, Çinarlı kənd məscidinin üzərindəki kitabə bu günə qədər gəlib çatmayıb. Bu səbəbdən onun tarixi ilə bağlı daha dəqiq məlumat vermək çətindir. Lakin bu məscidin XVIII əsrin ikinci yarısında inşa edilmiş memarlıq məktəbi nümunələrindən biri olduğunu qətiyyətlə deyə bilərik. Çinarlı məscidi ilə bağlı iki məsələ xüsusilə qeyd edilməlidir. Birincisi, abidə ciddi şəkildə bərpaya ehtiyac duyur, çünki üzərində əsrlərin izini daşıyır. İkincisi isə tarixin dəqiqləşdirilməsi üçün abidənin üzərində olmuş kitabənin araşdırılması, oxunması və tədqiqatçılar tərəfindən elmi şəkildə dəyərləndirilməsi vacibdir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qeyd edilib ki, sözügedən məscid tarixi abidələrin siyahısına salınması məqsədilə yeni aşkar edilmiş abidə kimi qeydə alınıb.

Məsələyə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq. Şura üzvlərinin rəyi müsbət olarsa, məscidin tarixi abidələrin siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görüləcək.

Son xəbərlər