Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?

Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?
Sosial 344

Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın prioritet istiqamətlərini təşkil edir.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məktəblərin, mədəniyyət mərkəzlərinin, müxtəlif ictimai iaşə obyektlərinin tikilib istifadəyə verilməsi, iş yerlərinin açılması dövlətin daxili siyasətinin əsas prioritetləri sırasına daxildir.

Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb. Ancaq hələ də Qarabağda yaşayan sakinlər vəfat edən yaxınlarını orada dəfn edə bilmirlər. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında qəbiristanlıqların yaradılması nəzərdə tutulub.

Müşahidələr onu deməyə əsas verir ki, Qarabağa köç edən sakinlər 30 il müvəqqəti məskunlaşdıqları ərazilərdə dəfn etməyə üstünlük verirlər. Bunun səbəbi kimi isə yaxınlarının həmin ərazilərdə yerləşən qəbiristanlıqda dəfn olunması ilə əlaqələndirirlər.

Bəs dini aspektən belə bir şərt varmı?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan din xadimi, Pirallahı məscidinin imamı Mübariz Rəhimov məsələyə aydınlıq gətirib.

O bildirib ki, kimi-kimin yanında dəfn olunması əsas deyil:

"Dində qeyd edilir ki, ər-arvad birlikdə yaşasa da onlardan biri Allahın bəyəndiyi işləri edir, digəri isə Allahı qəzəbləndirən işlər görürsə, bir-birinin yanında dəfn olunsalar da axirətdə bunların yeri fərqli-fərqli yerlərdə olacaq. Mömünün yeri cənnətdə, Allahı qəzəbləndirən işlərlə məşğul olan insanın -insanların haqqına girən, başqalarını incidən, öldürən insanların yeri isə cəhənnəmdir. Bir qəbrə iki nəfəri qoysaq da bu heç nəyə təsir etmir. Ancaq kimsə vəsiyyət edirsə və övladı, başqa yaxını bu vəsiyyəti qəbul edirsə, həmin adamın vəsiyyətini yerinə yetirilməsi vacibdir. Amma vəsiyyət olunmayıb, olunubsa da qarşı tərəf qəbul etməyibsə, onu etməyə də bilərlər".

Mübariz Rəhimovun sözləronə görə, dində mütləq ata-ananın yanında dəfn olunmaq lazımdır kimi bir fikir yoxdur. Bu insanların öz istəyi ilə olan bir şeydir.

Din xadimi ölən şəxslərin nəşinin uzun yol aparılmasından da danışıb:

"Meyitin uzun yol getməyi insanlara əziyyət və ya meyidə ehtiramsızlıq olacaqsa düzgün deyil. Ölən şəxs ən yaxın ərazidə müsəlman qəbiristanlığında dəfn olunmalıdır. İnsanlar hara köç edibsə həyatını itirəndə də orada dəfn olunsa yaxşıdır. Biri Laçında qalır, aparıb atasını Mingəçevirdə dəfn etməyin heç bir mənası olmayacaq. Həyatını itirən şəxsin məzarını ziyarət etmək də bu baxımdan daha çox çətinlik törədə bilər.

Qarabağ sakinləri 30 ildir həsrətində olduğu vətəninə geri dönüb. Köç edənlərin əksəriyyətinin uşaqlığı, ən gözəl xatirələri bu torpaqda keçib. Bura köçdükdən sonra həyatını itirən şəxsləri öz vətənində dəfn etmək həm şəriətə uyğundur, həm də insan düşüncəsi ilə də düz gəlir. Əgər yaxınlarımızı orada dəfn etməsək necə deyə bilərik ki bura bizim vətənimizdir. Burada azərbaycanlılar əbədi köçüb. 30 il ərzində də biz Qarabağdakı qəbirsitanlılarımızla sübut etdik ki, bura həqiqətən də azərbaycanlıların ata-baba yurdudur"- deyə Mübariz Rəhimov sonda qeyd edib.

Son xəbərlər