Ötən ay bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 104,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz təşkil edib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,0 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin noyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib.
Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,8 faiz təşkil etmişdir. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar
Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər He...