Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir

Naxçıvanda Zəngəzur yolu: tarixin izi ilə mövzusunda konfrans keçirilir
Foto
Sosial 21

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir.

BAKU.WS xəbər verir ki, tədbirdən öncə Ümummilli Liderin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb, konfrans iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkillər və eksponatlarla tanış olublar.

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olub. Bu ənənə əsrlər boyu formalaşaraq dövlət siyasəti səviyyəsində qorunub və inkişaf etdirilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dini-mənəvi dəyərlərə münasibət yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir.

Ceyhun Cəlilov vurğulayıb ki, müasir dövrdə Azərbaycan yalnız tolerantlıq mühiti ilə seçilən ölkə deyil, eyni zamanda bu modeli beynəlxalq səviyyədə təşviq edən mərkəzə çevrilib. Multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunub, bu sahədə mühüm təşəbbüslər irəli sürülüb. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, dinlərarası dialoq platformaları və humanitar tədbirlər Azərbaycanın bu istiqamətdə qlobal rolunu daha da möhkəmləndirib. Konfrans çərçivəsində aparılacaq müzakirələrin Zəngəzur dəhlizinin tarixi, mədəni və strateji əhəmiyyətinin daha dərindən öyrənilməsinə, mənəvi dəyərlərin qorunması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsinə, eləcə də dini həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən Səlahiyyətli nümayəndə tədbirin işinə uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan torpağı Azərbaycanın müstəqillik mübarizəsinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biridir. Azərbaycanın üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə məhz burada dalğalanması ilə başlayan və Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan mübarizə yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə tamamlanıb. Ramin Məmmədov vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur yolu yalnız nəqliyyat layihəsi deyil, həm də xalqlar arasında mənəvi və ideoloji inteqrasiyanı təmin edən unikal bir xəritədir. O, qloballaşma şəraitində milli-mənəvi kimliyin qorunmasının ideoloji təhlükəsizlik məsələsinə çevrildiyini bildirərək, radikalizmə qarşı maarifləndirmənin və sağlam dini mühitin təşviqinin zəruriliyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Türkiyə və Gürcüstandan olan din xadimlərinin bu tədbirdə iştirakı regionda qarşılıqlı etimadın gücləndirilməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.

Tədbir "Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə" və "Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar" mövzularında müzakirələrlə davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər