Metro və avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu yolla sizi aldada bilərlər

Metro və avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu yolla sizi aldada bilərlər
Foto Açıqlama
Sosial 326

Sosial şəbəkədə vətəndaşları aldatmaq, onların pulunu mənimsəmək məqsədilə yeni dələduzluq növü peyda olub.

BAKU.WS-in məlumatına görə, bu dəfə dələduzlar BakıKart-ın adından istifadə edərək insanları aldatmağa çalışırlar.

Vətəndaşlar üçün xüsusi fürsət adı altında "4 manata 6 aylıq limitsiz gediş haqqı" başlığı ilə sosial şəbəkədə paylaşımlar edilir. Bu paylaşımların əsas məqsədi isə sadəcə vətəndaşların pulunu mənimsəmək və şəxsi məlumatlarını ələ keçirməkdir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov BAKU.WS-ə bildirib ki, 4 AZN ödəyərək ictimai nəqliyyatdan 6 ay ərzində pulsuz istifadə imkanın yaradılması ilə bağlı bəzi sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Kiberdələduzlar qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə sosial şəbəkələrdə hesablar yaradaraq, bu hesablar üzərindən vətəndaşları müəyyən linklərdə qeydiyyatdan keçməyi təşviq edirlər. Vətəndaşlardan qazandıqları hədiyyənin çatdırılması üçün fərdi məlumatları və ödəniş üçün bank kartının məlumatlarını daxil etməsi istənilir.

Vətəndaş keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Vətəndaşlara belə bildirişlərə inanmamağı və bank məlumatlarını təqdim etməməyi tövsiyə edirik".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli BAKU.WS-in sorğumuna cavab olaraq qeyd edib ki, internet resurslarında məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlar, saxta cəlbedici endirim kampaniyaları, həmçinin dövlət qurumlarının adından istifadə etməklə real dəyərindən aşağı məbləğdə pul ödənişi qarşılığında 6 ay və ya 1 il ərzində ictimai nəqliyyatdan istifadə etmək imkanı vəd edən paylaşımlar mövcuddur:

"Dələduzların qurbanı olmamaq üçün vətəndaşlara belə səhifələrə və paylaşımlara qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik.

Belə hallarla rastlaşdıqda isə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər".

Orxan Hüseyn

Son xəbərlər