"Lalafo"da evini satmaq istədi, başına gəlməyən qalmadı

Lalafoda evini satmaq istədi, başına gəlməyən qalmadı
Video
Sosial 98

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə Sabunçu rayon sakini Gülnar İsmayılova bildirir ki, anasının müalicəsi üçün yaşadığı evi "Lalafo" elan saytında satışa çıxarıb. Lakin dələduzlarla üzləşib.

Şikayətçinin sözlərinə görə, naməlum şəxslər onu aldadaraq evini əlindən alıb və pulunu mənimsəyiblər.

"Mənə yazdılar ki, gəlib evə baxmaq istəyirlər. Həmin gün axşam üç nəfər gəldi. Onlardan biri Feyzullayev Aslan, digərləri Qəmbərov Ticayət və Məmməd Rəhim idi. Evə baxdılar. Əvvəl razılığa gələ bilmədik və getdilər. Gecə Ticayət Qəmbərov mənə yazdı ki, vəziyyətimə baxıb, anamın ağır xəstə olduğunu, övladımın və maddi sıxıntılarımın olduğunu nəzərə alıblar. Dedi ki, Feyzullayev Aslan tərəfindən mənə təklif var, istəsəm, səhər gəlib danışa bilərlər.

Səhər gəldilər və mənə təklif etdilər ki, kirayəyə çıxım, onlar da evdə təmir işləri aparıb baha qiymətə satsınlar. Mən kirayəyə çıxdım. Anamın müalicəsinə başım qarışdı, iki ay keçdi. Sonra evimə baxmaq istədim, amma imkan vermədilər. Bəhanə etdilər ki, bələdiyyə sənədi olmadığı üçün kommunal məsələləri həll etməliyəm. Şübhələnsəm də, məcbur qalıb sənədlərə imza atdım ki, guya bələdiyyə sənədi alacaqlar. Sonradan məlum oldu ki, həmin sənədlə evimi satıblar. Mən bir imzanın qurbanı oldum", - Gülnar İsmayılova deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin vətəndaşın ev satmaq vədi ilə aldadılaraq maddi vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə daxil olmuş müraciəti əsasında araşdırma aparılıb. Dələduzluq faktı üzrə başlanan cinayət işində təqsirləndirilən 1985-ci il təvəllüdlü Aslan Feyzullayev və 2003-cü il təvəllüdlü Orxan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər