Kollektorun üzərində tikilən evin döşəməsi çökdü - "Partlayıb, bizim evin altına axıb"
Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb.
Ev sahibinin sözlərinə görə, hələ 2016-cı ildə qonşu evdə partlayan su borusundan axan sular bu günədək onların evinin zirzəmisinə dolub. Nəticədə vəziyyət kritik həddə çatıb və sakinlər evi tərk etmək məcburiyyətində qalıblar.
"Artıq üç gündür qonşuda qalırıq. İcra hakimiyyətinə müraciət etdikdə isə bizə bildirirlər ki, sənədiniz yoxdur, bu məsələyə baxa bilmərik. Dediklərinə görə, yalnız 1 aylıq kirayə pulu vermək imkanları var. Kimə müraciət edəcəyimizi, hara üz tutacağımızı bilmirik. Gəlib bizə kömək edən, yol göstərən yoxdur", - şikayətçilərdən biri deyib.
Xətai Rayon İcra Hakimiyyətindən mövcud vəziyyətdən xəbərdar olduqları bildirilib.
"Vətəndaş başçının səyyar qəbulunda da olub və ətraflı izahat verilib. Tikili kanalizasiya kollektorunun üzərində tikilib. Əlaqədar qurumların iştirakı ilə sözügedən ünvana baxış keçirilib. Verilən qərara əsasən, Rayon İcra Hakimiyyəti olaraq öhdəmizə düşəni edəcəyik", - deyə qurumun cavabında qeyd olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, sözügedən ərazidə şəhərin əsas daşıyıcı kollektorlarından olan 1 200 millimetrlik kollektorda qəza baş verib: "Qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub".
Qurumdan o da bildirilib ki, mövcud vəziyyət barədə rayon icra başçısının müavininə, Fövqəladə Hallar Nazirliyi Tikintiyə Nəzarət İdarəsinin rəhbərliyinə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq.
Oxşar xəbərlər
Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını "Baku TV" ilə bölüşüb. BAKU.WS xəbər v...